Bakıda gənc şair intihar etdi
Gənc şair Məlik Cahan yanvarın 8-i axşam saatlarında Dənizkənarı Bulvarda “Yaxt Klub”a yaxın ərazidə özünü dənizə ataraq intihar edib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
Hazırda onun axtarışları davam etdirilir.
Dostlarının sosial şəbəkədəki paylaşımlarına görə, son 10 gün ərzində Məlik Cahan psixoloji narahatlıqlar yaşayır, həssas olduğu üçün cəmiyyətin bəzi ağrılı faktlarına dözə bilmədiyini yazırmış.
Onun iki gün öncə Facebook profilində paylaşdığı status da diqqəti çəkir. “52 saat 2 dəqiqə” yazılan qeydin zamanı intiharla üst-üstə düşür.
Gənc şair Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdu. Şeirləri mətbuatda çap olunurdu.
Allah rəhmət eləsin.