AzMİU-da güclü dezinfeksiya işləri aparılıb
Koronavirusla əlaqədar martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Nazırlər Kabineti yanında operativ qərargahın verdiyi bu qərar yoluxma hallarının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədi daşıyır.
Həmin qərara əsasən, bu gündən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrasına başlanılıb.
Bakı Şəhər Dezinfeksiya Stansiyasının Yasamal şöbəsinin əməkdaşları Universitetin bütün tədris korpuslarında – dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektləri və sanitar qovşağında koronavirusa qarşı dezinfeksiya işləri aparıblar.