Ermənilərə görə dəyərdimi belə bir nəşrin reputasiyasını korlamaq?! – Əflatun Amaşov

Fevralın 24-də Rusiyanın məhşur “Nezavisimaya qazeta”sında və nəşrin saytında “Сумгаитская трагедия. С чего начиналось и как это было. По архивным документам КГБ СССР” sərlövhəli yazı yayımlanmışdı. Yazıda 1988-ci ilin Sumqayıt hadisələrinin ermənilər tərəfindən məqsədli şəkildə törədilməsi faktlarla sübuta yetirilmişdi. Fevralın 27-də isə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan “Nezavisimaya qazeta”nı millətlərarası ədavəti qızışdırmaqda, ksenofobiyada, dini dözümsüzlüyün təbliğində ittiham etdi və məsələnin cinayət müstəvisində araşdırılması üçün bu ölkənin prokurorluğuna müraciət ünvanladı. Elə həmin gün “Nezavisimaya qazeta”da müəllifi “Orbeli” adlı analitik mərkəzin eksperti Taron Oqenesyan olan “Ходжалу: правда и вымысел. Полемика с Михаилом Абаевым” başlıqlı material yayımlandı (http://www.ng.ru/cis/2020-02 27/5_7805_khodzhalu.html) Materialda Xocalı faciəsinin guya azərbaycanlıların özləri tərəfindən törədilməsi cəfəngiyyatı irəli sürüldü. Sözügedən yazı hələ də “Nezavisimaya qazeta”sının saytında qalmaqdadır. Ancaq “Сумгаитская трагедия. С чего начиналось и как это было. По архивным документам КГБ СССР” sərlövhəli yazı saytdan yığışdırılıb
(http://www.ng.ru/cis/2020-02-24/5_7801_tragedy.html)

Bəli, Rusiyadakı erməni amili yenə öz sözünü deyir. Durum acınacaqlıdır həqiqətən. Ona görə ki, jurnalistika ənənələri ilə seçilən bir köklü media orqanı ermənilərin əlində oyuncağa çevrilir, prinsipsizlik göstərilir. Vəziyyətin acınacaqlılığı həm də ondadır ki, belə aşağılayıcı yanaşmaya məruz qalan Rusiya kimi nəhəng, dünyada öz çəkisi və yeri olan ölkənin kifayət qədər populyarlığa malik kütləvi informasiya vasitəsidir. Yəni erməniləri razı salmayan yazıya görə dəyərdimi belə bir nəşrin reputasiyasını korlamaq?! Hələ “Ходжалу: правда и вымысел. Полемика с Михаилом Абаевым” başlıqlı material. Bu materialla əslində “Nezavisimaya qazeta” təhqir olunub. Yəni baxın, yaydığınız materialı çıxartdırdıq, sizi məcbur edirik ki, yazmadığınız məsələdən yazasınız (Əslində bu səpkili yazılara həmin qəzetin səhifələrində yetərincə rast gəlinir).
Elə hesab edirəm ki, biz həssas yanaşdığımız kimi Rusiya ictimaiyyəti, xüsusən də ölkənin media cameəsi məsələyə eyni tərzdə münasibət göstərməlidir, sərt reaksiyasını ortaya qoymalıdır. Rusiyalı həmkarlarımızla da bu barədə müzakirələrimiz olub. “Nezavisimaya qazeta” 24 fevral 2020-ci il tarixli “Сумгаитская трагедия. С чего начиналось и как это было. По архивным документам КГБ СССР” sərlövhəli, obyektiv həqqətləri diqqətə çatdıran yazıya görə saxta ittihamla üzləşməməlidir. Məlumdur ki, “Ходжалу: правда и вымысел. Полемика с Михаилом Абаевым” başlıqlı material da qəzetə qarşı təzyiqdir, ifadə azadlığına, KİV-in yaradıcılıq siyasətinə kobud müdaxilədir. Rusiyanın media ictimaiyyəti bunu da mütləq qaydada nəzərə almalıdır.

Əflatun Amaşov, Mətbuat Şurasının sədri