“Maska tapsanız, bizə də gətirin” — APTEKLƏRDƏ QITLIQ
Koronavirus epidemiyası paytaxt sakinlərini kifayət qədər narahat edir. Apteklərə üz tutan sakinlər tibbi maskalar və spirt tapa bilmədiklərini deyirlər.Oxu.Az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.
Nazirlikdən müraciətimizə cavab olaraq bildiriblər ki, apteklər özəl müəssisələrdir: “Dərman satışı ilə məşğul olan bu qurumlar Səhiyyə Nazirliyinin tabeliyində deyil”.
TƏBİB-dən isə bildiriblər ki, onlar yalnız dövlət tibb müəssisələrinin tibbi ləvazimatlarla təmin edilməsinə cavabdehdirlər.
Redaksiyamıza ünvanlanan şikayətləri nəzərə alaraq, məsələ ilə bağlı kiçik araşdırma apardıq. Bir neçə aptekə daxil olaraq, tibbi maska almağa çalışdıq.
Qeyd edək ki, apteklərdə tibbi maskaların qıtlığı ilə bağlı məlumat doğrudur. Dörd aptekə daxil olduq, yalnız birində maska tapa bildik.
Tibbi maskanın qiymətinin bahalaşmasının və satışının məhdudlaşdırılmasının doğru olub-olmadığını aydınlaşdırmaq üçün bir neçə maska aldıq. Maskalar əvvəlki qiymətindən 0,20 manat baha satılır. Maskaların qiyməti qalınlığından və rəngindən asılı olaraq, 0,50 manata qədər bahalaşır.
Birinci daxil olduğumuz aptekin satıcısı depoların artıq bir neçə gündür tibbi maska ilə bağlı sifariş götürmədiklərini deyib:
“Vətəndaşlar ən çox spirt və maskalarla bağlı müraciət edirlər. Təəssüf ki, bir neçə gündür digər apteklərlə yanaşı, bizdə də tibbi maskalar qalmayıb. Sifariş etsək də, gətirmirlər. Depolar deyir ki, tibbi maska yoxdur. Hamısı başqa ölkəyə göndərilib. Əvvəl tibbi maskanı 10 qəpiyə satırdıq, amma son dövrlərdə qiymətlər 25-50 qəpik arası dəyişir”.
Digər aptekdən də oxşar cavab aldıq. Xanım satıcı bizə hətta məsləhət verdi ki, boşuna tibbi maska axtarmayaq:
“Şəhərin mərkəzində heç bir aptekdə maska tapa bilməyəcəksiniz. Biz bir-birimizlə əlaqə saxlayırıq. Onsuz da maska çatışmazlığı olduğundan satanda da limitlə satırdıq. Artıq heç o da yoxdur. Ağ, göy, qırmızı rəngli maskalar 30 qəpik, qara maska isə 50 qəpik idi. Maska tapsanız, bizə də gətirin”.
Növbəti iki aptekdən də analoji cavab aldıq. Nəhayət, apteklərin birində tibbi maska tapa bildik. Satıcı deyir ki, bu günün “şanslı” adamı bizik, satışda sonuncu maskalar qalıb.
Yanımızda bir başqa müştəri də maska istədiyini dedi. Elə bu an maska üstündə vətəndaşlar arasında mübahisə yaşandı. Satıcı məcbur qalıb 30 ədəd maskanı iki müştəri arasında bölərək onları razı salmağa çalışdı. “Nə üçün maska yoxdur” sualımıza isə əczaçı xanım belə cavab verdi:
“Dünən axşamdan maska yoxdur. Əvvəl şirkət üçün alırıq deyib, çox sayda istəyirdilər. Daha sonra tibbi maska qıtlığı yarandı. Müdir dedi ki, ədədlə satılsın. Bundan sonra müştərilər arasında mübahisə yaranmağa başladı. Bizlik bir şey yoxdur. Aptekləri maska ilə təmin edən depolardır, orada da maska yoxdur”.
Sonuncu qalan maskalardan böyüklər üçün olanları müştərilərə bir ədədi 30 qəpikdən satıldı. Qara maskaların bir ədədinin qiyməti isə 50 qəpik idi.
Uşaqlar üçün olan maskaların da bir ədədi 50 qəpiyə satılırdı.
Göründüyü kimi, bu gün tibbi maskaların satış sayında kifayət qədər məhdudiyyət var. Vətəndaşlar ya maska tapa bilmir, ya da istədikləri sayda ala bilmirlər.
Əczaçının sözlərinə görə, bir neçə həftə ərzində ən çox satılan məhsullar spirt və maska olub. Artıq demək olar ki, spirt tapmaq da çətinləşib. Əczaçı deyib ki, bu gün səhər saat 9-dan indiyə qədər 100 ədəd tibbi maska, 30 ədəd sprey spirt və 40 ədəd sadə spirt satılıb.
Koronavirus özü ölkəyə gəlməsə də, küləyi paytaxt apteklərində qiymətlərə bu və ya digər şəkildə təsir edib. Odur ki, sakinləri bu məsələdə daha diqqətli olmağa çağırırıq.