“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb?
“Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satılıb. Bu barədə məlumatı şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşıb.
“Qafqazinfo”ya adını açıqlamaq istəməyən müəllim xəbərin doğru olduğunu qeyd edib. Bildirib ki, dünən və bu gün baş tutacaq konsertin biletlərinin qiyməti 40 manatdır: “Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul müəllimlərdən yığılır. Bəzi məktəblərə 2, bəzilərinə isə 6 bilet paylanılıb”.
Əldə etdiyimiz məlumata görə, təkcə məktəblər deyil, eyni zamanda bağçalara da məcburi bilet satılıb.
Müəllimlər bu işin Lənkəran İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirib.
“Qafqazinfo” məsələylə bağlı Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovla əlaqə saxlayıb. Şöbə müdirinin sözlərinə görə, hər kəs könüllü şəkildə bilet alıb, müəllimlərə məcburi biletin satılması yalan xəbərdir:
“Mən dünən konsertdəydim, bir dənə də olsun boş yer yox idi. O şikayəti yəqin bilet tapa bilməyənlər edir. Müəllimlər, şagird və tələbələr, onların valideynləri sadəcə könüllü şəkildə konsertə bilet alıb. İndi internet əsridir, hər şey sosial şəbəkələrdə yazılır. Bu şəraitdə məcburi bilet satdırmaq olar? Elə bir şey yoxdur”.