Nazir aprel döyüşlərində hərbçilərimizin göstərdiyi şücaətdən danışdı
Ötən ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi.
Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Aktor.Az-a verilən məlumata görə, bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikində bildirilir.
Təbrikdə deyilir: “Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır. 2017-ci il xalqımızın, ordumuzun şəxsi heyətinin yaddaşında əlamətdar hadisələrlə qalacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cari ildə ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası artmış, ordu quruculuğunda görülən işlər öz müsbət nəticəsini vermiş, mühüm işlər görülməklə həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub”.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanının daim diqqət və qayğısı sayəsində orduda şəxsi heyətin sosial-məişət problemləri həll edilir, hərbi hissələrin maddi-texniki bazası daha da möhkəmlənir: “Yüksək ixtisaslı, peşəkar hərbçi kadrların hazırlanması prosesi ordu quruculuğunun mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Yeni hərbi şəhərciklər və hərbi hissələr istifadəyə verilir, müxtəlif qoşun növlərində müasir təlim mərkəzləri yaradılıb ki, bunlar da dövlətin orduya diqqəti və qayğısının parlaq təzahürüdür. Ordumuzun hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar hərbi qulluqçularımızın döyüş əzmini, qələbə ruhunu daha da artırır. Ötən ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi. Həmin günlərdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da bu qələbədən qürur duyduqlarını, hərbçilərimizə dəstək olduqlarını nümayiş etdirdilər. Azərbaycan Ordusunda keçirilən taktiki təlimlər ordunun döyüş qabiliyyətini daha da artırır, gücləndirir. Ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır. Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda xidmətdə olan şəxsi heyəti bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə uğurlar arzulayıram”.