ƏdəbiyyatFotoGündəmManşetXəbər xətti

“Fəxr etməliyik ki, Yunus Oğuz kimi ədəbi fədaimiz var” – FOTOLAR

Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan “525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi baxımından mühüm vəsait olduğunu diqqətə çatdırıb. Yunus Oğuzun düzgün yol tutduğunu qeyd edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, o, Azərbaycan tarixi romanşunaslığını daha da zənginləşdirir. N.Cəforov qeyd edib ki, müstəqil Azərbaycanda tarixi romandan danışanda Y.Oğuz birincidir: “Yunus Oğuz həm tarixi, həm tarixin fəlsəfəsini, həm dili yaxşı bilir, romanlarını hər kəsin aydın başa düşəcəyi üslubda təqdim edir. Yunus Oğuzun romanlarında bir xronoloji ardıcılıq var, Azərbaycan tarixini də demək olar ki, bütövlükdə əhatə edir”. Deputat qeyd edib ki, “Atabəy Eldəniz” romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır və burada bütün məsələlər araşdırılıb ətraflı şəkildə təqdim olunub: “Onun yaradıcılığında başqa müəlliflərdə müşahidə olunmayan üslub var. Bu üslub ondan ibarətdir ki, Yunus Oğuz qələmə aldığı dövrdəki münaqişələr sistemini dərindən araşdırır, onları düşünülmüş şəkildə xronoloji ardıcıllıqla düzür. Məlum olduğu kimi belə əsərlər ərsəyə gələnə qədər türk xalqlarının müstəqil xalq kimi təqdimatında ziddiyyətlər mövcud idi. Çünki, siyasi, çoğrafi, mənəvi, dil baxımından bu xalqlar fərqli idi. Konkret olaraq 16-cı əsrə qədər bu xalqların kimə aid olmasını araşdırmaq çox çətin idi. Yunus Oğuz isə əsərlərində siyasi ziddiyyətləri, dini baxışlar sistemini, təriqətləri köklü şəkildə araşdırıb”. Millət vəkili əlavə edib ki, “Atabəy Eldəniz” romanında da ciddi tarixi araşdırmalar əksini tapıb: “Bu baxımdan hesab edirəm ki, bu kitabı gənc tarixçilrər və siyasətçilər mütləq oxumalıdır. Çünki romanda tariximizlə bağlı zəngin materiallar var. Xüsusən, Atabəy Eldənizin maraqlı tərcümeyi-halı hamı üçün maraqlıdır. Yunuz Oğuzun yaradıcılığında o xüsusiyyət var ki, tarixi bədii estetiklə dəyişmir. Tarixə münasibətdə sujet texnologiyasından məharətlə istifadə edir. Bu əsərdə də saray münaqişələrini çox gözəl təsvir edib”.
***

Yunus Oğuzun həyat və fəaliyyətinə nəzər salan şair-publisist Sabir Rüstəmxanlı bildirib ki, Y.Oğuz tariximizin ən parlaq səhifələrindən biri olan xalq hərəkatında fəal iştirak edib: “Yunus Oğuz həmişə öz fəallığı ilə seçilib. Bəlkə də onun tariximizə marağı oradan başlayıb. O, səmimi, gizli yox, açıq iddiası olan gənc idi. Beləliklə, o, demokratik hərəkatda yetişdi və bizim həyatımızn bir hissəsinə çevrildi. Bu baxımdam Yunus Oğuzun tarixi romanlar yazmasını təsadüfi hesab etmək olmaz. Xüsusən, onun qədim türk xalqlarının tarixinin etimologiyasını araşdırması maraqlı məsələdir. Çünki hər tarixçi bu işlə məşğul ola bilməz. Bu onun xüsusi istedadı idi. Məlum olduğu kimi bir vaxtlar Azərbaycan türkünün tarixini görməmək bir xəstəlik idi. Məhz, Yunus Oğuz bu məsələdə öz qəti mövqeyini ortaya qoydu ki, indi həmin mövqe müasir baxışlarla üst-üstə düşür”. Onun sözlərinə görə, Y.Oğuz bu romanda öz mövqeyini ortaya qoyub: “Bu roman Yunus Oğuzun öz baxışları, araşdırmaları nəticəsində ərsəyə gələn bir romandır. Tarixi romanlan yazmaq üçün tarixi, onun fəlsəfəsini yaxşı bilmək lazımdır. Yunus Oğuz tarixi yaxşı bildiyi üçün onun romanları tarixi romanlar içərisində seçilir. Məsələn, Nadir şah barədə xeyli əsərlər yazılıb, ancaq Yunus Oğuzun bu tarixi şəxsiyyətə baxışı özünəməxsus idi. Ümumiyyətlə o, tarixi şəxsiyyətlərin təqdimatında müxtəlif yaradıcılıq üslublarından məharətlə istifadə edib. Ona görə də onun əsərləri digərlərindən seçilir”.
***

Milli Məclisin deputatı Qənirə Paşayeva romanın əhəmiyyətindən danışaraq bu romanın xaricdə də təbliğatının vacibliyini bildirib: ” Mən Yunus Oğuzun oxucusu olmaqla yanaşı, həm də onun əsərlərinin ən yaxşı təbliğatçısıyam. İstənilən xarici ölkəyə səfər etdikdə onun kitablarının təbliği ilə məşğul oluram. Çünki bu kitabların təbliği tariximizin təbliğatıdır və hər birimiz tariximizi təbliğ etməliyk”. Q.Paşayeva romanın gənc nəsillər üçün vacib əhəmiyyətini qeyd edərək vurğulayıb ki, tarixi faktların doğru şəkildə yazılması tariximizin düzgün şəkildə gələcək nəsillərə çatdırılması üçün vacib əhəmiyyət kəsb edir: “Hesab edirəm ki, Yunus Oğuzun əsərlərinin orta məktəblərdə təbliğinə ehtiyac var. Yunus Oğuzun ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, gənc nəslin tariximizə marağının artmasında bu kitabların böyük təsiri var. Məlum olduğu kimi indiki gənclər tarixi romanlar oxumağa meyilli deyillər. Yunus Oğuz isə öz romanları ilə gənclərdə tariximizə həvəs oyatdı. Bundan başqa, tarixin dolğun şəkildə gələcək nəslə çatdırılmasında da onun xidmətləri danılmazdır. Onun tarixə münasibətdə “qəhrəmandan güc, tarixdən ibrət” xətti gənclərə işıqlı yol göstərir”.
***

Millət vəkili Aqil Abbas qeyd edib ki, Yunus Oğuzun tarixi romanlarının hamısı maraqla qarşılanıb: “Yunus Oğuz tarixi araşdırmaq kimi çətin bir missiyanı öz üzərinə götürüb. Elə yazıçılar var ki, cəmi 1-2 tarixi roman qələmə alıb. Yunus Oğuz isə bu sahədə peşəkarlaşıb. Güman edirəm ki, bu istiqamətdə yaradıcılığı davamlı olacaq”. Millət vəkili əlavə edib ki, Y.Oğuzun kitabları təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də geniş yayılır: “Mən deyərdim ki, indi tarixi romanlara maraq daha çoxdur. Bu baxımdan, təklif edərdim ki, onun tarixi romanları orta məktəblərdə ən azından sinifdənkənar oxu üçün təqdim olunmalıdır. Nəzərə almaq lazımdır ki, rəqəmsiz tarix insanların yaddaşında daha yaxşı qalır. Güman ki, Təhsil Nazirliyi bu məsələni nəzərə alacaq”.
Kitabın redaktoru, yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, əsərdə personajlar xəlqi dildə danışdırılır. Bu da romanı maraqlı və oxunaqlı edir: “Romanda çox ciddi tarixi faktlar əksini tapıb. Məsələn, mən xaşxaşilər haqqında bu kitabdan öyrəndim. Odur ki, hesab edirəm ki, kitabın geniş təbliğinə ehtiyac var”.

***

Filoloq-tarixçi, türkçü alim, professor Əjdər Tağıoğlu qeyd edib ki, fəxr edilməlidir ki, ədəbiyyatımızda Yunus Oğuz kimi ədəbi fədaimiz var: “Bu insan başdan ayağa türkdür. Yazdığı əsərlərində türk tarixini geniş araşdırıb. Biz tariximizə, kökümüzə qayıtmalıyıq. Çox təəssüf ki, 200 illik imperiya dövründə türkü kökündən ayırmışdılar. Bu gün isə yeni tarix yaranıb. Belə bir məqamda Yunus Oğuz kimi yazarlara ehtiyac var ki, tarixi faktları araşdırıb ortaya qoysun. Çünki, türkün öz tarixi kökünə qayıtması vacib şərtdir”. Onun sözlərinə förə, Yunus Oğuz tarixi şəxsiyyətlərin timsalında türkün real tarixini qələmə alıb: “O, təkcə Attila yazmayıb. O, Attilanın təsvirində türkün tarixini yazıb. Yunus Oğuzu ona görə sevirəm ki, o, əsərləri ilə gəncləri silkələyib ayıltdı. Daha doğrusu, bütün yaradıcılıq fəlsəfi estetik fənlərindən istifadə edib bütün gəncləri oyatdı”.
Y.Oğuzun həyat və yaradıcılığından söz açan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqətə çatdırıb ki, onun ərsəyə gətirdiyi bütün tarixi romanlar oxunaqlıdır: ” “Atabəy Eldəniz” romanı da eyni yaradıcılıq üslubunu özündə saxlaya bilib. Romanın üslübu, tarixi faktların təqdimatı olduqca gözəldir. Romanda tarixi şəxsiyyətlərə yanaşma tərzi isə fərqlidir. Məhz bu xüsusiyyətlər onun əsərlərini oxunaqlı edir”.
Romanın müəllifi Yunus Oğuz bildirib ki, “Atabəy Eldəniz” romanı 2017-ci ildə yazdığı növbəti kitabdır: “Əsər Azərbaycan tarixinin çox qaranlıq, kəşməkeşli dövrünü əhatə edir. Roman 1136-cı ildən 1225-ci ilə qədərki dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti haqqındadır. Təbii ki, bu dövlətin də yaradıcısı Atabəy Eldənizdir. Onun da ən böyük yol yoldaşı, xanımı Möminə xatundur. Əsas məsələlərdən biri də odur ki, deyirdilər ki, Azərbaycan adlı dövlətin tarixi Şah İsmayıldan başlayır. Amma faktiki olaraq Azərbaycanda dövlətin yaranmasının 400 il əvvələ təsadüf etdiyi görünür. Başqa sözlə, Azərbaycan dövlətinin coğrafi mənadan daha çox siyasi mənada 12-ci əsrə təsadüf etdiyi aşkar olunur. Romanda o dövrün təlatümü, keşməkeşi, o dövrdə yaradılmış xaşxaşilər mübarizəsi əksini tapıb. Xaşxaşilərdə İsmayillər deyilən siyasi terror təşkilatı idi və Ələmut qalasında oturaraq kimdən xoşu gəlmirdisə, kim ona vergi vermirdisə onları terror edirdilər. Hələ monqollar gələndə də Atabəylər dövləti mövcud olmuşdu. Sonuncu Atabəy Özbək bəy 1225-ci ildə Atabəylər dövlətiin nümayəndəsi olub”.
Sonda “Atabəy Eldəniz” tarixi romanının müəllifi Yunus Oğuza “Uluslararası Barış Elçisi” fəxri diplomu təqdim edilib./Olaylar.az