Namiq Əliyevə yeni vəzifə verildi:Komitəyə yeni təyinatlar – FOTOLAR
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Patent və Əmtəə Nişanları Mərkəzi” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin Baş direktoru vəzifələrinə təyinatlar olub. Bu barədə “Marja“ya Komitədən bildirilib.
Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru vəzifəsinə Namiq Tağıyev, Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru vəzifəsinə Günel Sevdimalıyevavə Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru vəzifəsinə Namiq Əliyev təyin olunublar.
Məlumat üçün bildirək ki, adları çəkilən publik hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən Komitə tərəfindən təsis olunub.
Azərbaycan Standartlaşdırma İnstitutu standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir.
Patent və Əmtəə Nişanları Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını aparan, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir.
Azərbaycan Akkreditasiya Mərkəzi isə akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir.