FotoManşetTəhsilXəbər xətti

UNEC kollektivi ön cəbhədə – FOTOLAR

UNEC kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cəbhənin Şəmkir, Tovuz, Qazax və Ağstafada rayonları istiqamətində yerləşən hərbi hissələrdə xidmət edən əsgərlərlə görüşüblər.

Universitetdən Aktor.Az-a verilən məlumata görə, səfər zamanı onları Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani müşayiət edib.

Nümayəndə heyəti öncə Şəmkirdə Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Şəmkirdə yerləşən “N” saylı hərbi hissənin general-mayoru Xaqani Cəbrayılov, zabit və əsgərlərlə görüşüblər. Universitet kollektivinin hərbi hissələrə mütəmadi olaraq səfər etməsini yüksək qiymətləndirən general-mayor X.Cəbrayılov belə görüşlərin gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib. X.Cəbrayılov Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildiyini vurğulayıb.

Torpaqlarımızın müdafiəsinin etibarlı əllərdə olduğuna əminliyini ifadə edən UNEC-in prorektoru, müharibə veteranı Mikayıl Zeynalov Horadizin düşmən işğalından azad edilməsi uğrunda aparılan əməliyyatlardan danışıb. Döyüşlərdə fəal iştirak edən müharibə veteranı xatirələrini bölüşüb: “Azad etdiyimiz Horadiz torpağına üçrəngli bayrağımızı necə sancmağımızı bu gün burada bir daha böyük qürurla xatırladım”. Bu gün Azərbaycanın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş hazırlığı yüksək olan peşəkar və modern orduya sahib olduğunu böyük qürur hissi ilə vurğulayan M.Zeynalov əsgərlərdə ruh yüksəkliyini, döyüş əzmini və qələbəyə inamı müşahidə etdiyini bildirib.

Şəmkirdən sonra, Tovuz, Qazax və Ağstafada yerləşən “N” saylı hərbi hissələrdə olan UNEC kollektivi əsgərlər qarşısında çıxış edərək erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarının tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər.

Görüşlərdə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri əsgər və zabit heyəti qarşısında konsert proqramı ilə çıxış edib, hərbi vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

UNEC-in kollektivi adından hərbi hissəyə və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr  təqdim edilib.