Hikmət həkimdən nümunəvi addım – Unudulmuş pul qaytarıldı
Həkim-kardioloq Hikmət Quliyev nümunəvi bir addım atıb. Beynəlxalq Bankdan Aktor.Az-a verilən məlumata görə, dekabrın 20-də o, Azərbaycan Beynəlxalq Bankının Yasamal rayonu, Zərdabi küçəsi – 53 ünvanındakı ATM-indən pul çıxarmaq istəyib.
Qurğuya yaxınlaşanda ondan əvvəlki hansısa müştərinin 100 manat pulunu və məxaric qəbzini burada unutduğunu görüb. Pulun sahibini tapa bilməyib. 20 dəqiqəyə yaxın ATM-in yanında gözləsə də, bir xəbər çıxmayıb.
Onda, Hikmət həkim qərara gəlib ki, həmin müştərini tapıb pulunu qaytarmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankından kömək istəsin. Bu məqsədlə o, yaşadığı Bakıxanov qəsəbəsində yerləşən bankın Sabunçu filialına müraciət edib. Bank əməkdaşları məxaric qəbzindəki tarixə əsasən, müştərini müəyyənləşdirib pulunun tapıldığını ona xəbər veriblər.
Hikmət həkim bankın Baş ofisinə gələrək 100 manatı və məxaric qəbzini aktla banka təhvil verib və pul bu gün sahibinə qaytarılıb.