General Aydəmirovdan müharibə anonsu: Qarabağda… – MÜSAHİBƏ
“Aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var. Əgər Azərbaycan apreldə dayanmasaydı, o zaman hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı”. Bunu erməni mediasına açıqlamasında rusiyalı politoloq Pavel Felgenhauer söyləyib. Felgenhauer tərəflər arasında müharibə başlayacağı təqdirdə Azərbaycanın qalibiyyət imkanlarının çox olduğunu deyib.
Ekspertin sözlərinə görə, Dağlıq Qarabağda son dövrlərdə gərginliyin azalması xarici qüvvələrin – Rusiya və ABŞ-ın təsirinin nəticəsidir. “Heç kimə, hətta Türkiyəyə də Qarabağ konfliktinin eskalasiyası lazım deyil. Gərginlik artanda aydın idi ki, konfliktin eskalasiyası davam edəcək, amma görünür, xarici qüvvələr tərəflərə təzyiqlər ediblər”- şərhçi bildirib.
Eyni zamanda Felgenhauer deyib ki, Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır: “Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib. Azərbaycanın hərbi-texniki üstünlüyü əvvəlki kimi qalır. Bu üstünlük genişmiqyaslı müharibə zamanı Azərbaycanın imkanlarını artıracaq”.
Göründüyü kimi, xarici ölkələrin ekspertləri də Azərbaycanla Ermənistan arasında müqayisə apararkən işğalçının fəlakətlə üz-üzə qala biləcəyini açıq mətnlə söyləyirlər. Bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakopyan aprel döyüşləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycan Silahlı Qüvvələri öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya bilər. “Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzuları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır” – deyə, erməni hərbçi bildirib…
Danışıqlarda kritik fasilənin yarandığı bir müddətdə savaş riskinin olduqca real olduğunu “Yeni Müsavat”a müsahibəsində general-leytenant Yaşar Aydəmirov da söylədi.
– Cənab general, son zamanlar erməni hərbçiləri açıq şəkildə deyirlər ki, Azərbaycan nəinki Qarabağı, hətta İrəvanı geri qaytarmaq arzusundadır. Erməni generallarının bu kimi açıqlamaları şübhəsiz ki, səbəbsiz deyil. Bununla Azərbaycanı qorxutmaq istəyirlər, yoxsa Rusiyadan, “Rus NATO”sundan dəstək qazanmaq üçün bu taktikaya əl atıblar?
– Aprel döyüşlərindən iki il keçəndən sonra ermənilərin ağlı başına gəlib ki, həqiqətən Azərbaycan ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Ayıldılar ki, həqiqətən də Azərbaycan ordusu nəinki işğal olunmuş Qarabağ ərazilərini, həm də ötən əsrdə siyasi işğala məruz qalmış Qərbi Azərbaycan ərazilərini azad etmək iqtidarındadır. Uzun müddət aprel döyüşlərinin nəticələrini gizlətməyə çalışdılar. Amma indi erməni xalqını qorxutmaq üçün deyirlər Azərbaycan ordusu hər an hücuma keçə, torpaqları işğaldan azad edə bilər.
– Bu ehtimal nə dərəcədə ciddidir?
– Həqiqətən Azərbaycan hər an döyüşlərə başlaya bilər. Digər tərəfdən, Ermənistan yəqin ki, Rusiya və Qərblə ikili oyun oynayır. Bu kimi məlumatları tirajlamaqla onlara demək istəyirlər ki, bizə yardım etmirsiniz. Rəy formalaşdırmağa çalışırlar ki, burada böyük bir təhlükə var. Ya da NATO-ya üz tuturlar ki, “bizə kömək edin!” İri dövlətlərin də hamısının marağında budur ki, Qarabağda müharibə yenidən başlamasın, Azərbaycan da torpaqlarını işğaldan azad etməsin. Yoxsa şans versəydilər, Azərbaycan heç kəsin yardımını gözləmədən torpaqlarını qısa müddətdə azad edə bilərdi. Çünki Azərbaycan ordusu yüksək səviyyəyə gəlib çatıb və məsələni qısa bir vaxtda həll etməyə qadirdir. Aprel döyüşlərində iki-üç bölmənin həmləsi zamanı gördünüz ki, düşmən ordusu necə sarsıldı. Bu döyüşlərdən sonra Ermənistan ordusunun yüksək rütbəli hərbçiləri, silahlı qüvvələrin baş qərargah rəisini vəzifədən azad etdilər. Onlar vəziyyətin çox gərgin olduğunu bilərlər. Bir neçə bölmənin 3-4 günlük döyüşləri düşməni bu qədər sarsıdıbsa, görün böyük birləşmələrin hücumu olsaydı, nələr baş verərdi? Mən hələ bütün ordunu nəzərdə tutmuram.
– Eyni zamanda düşmən ölkədə Naxçıvan istiqamətindən ciddi zərbə vurulacağından ehtiyatlanırlar. Ermənistandakı bəzi ekspertlər Qars müqaviləsini xatırladıb Türkiyənin də hərbi əməliyyatlarda Azərbaycan ordusuna dəstək verə biləcəyini təşvişlə qeyd edirlər. Belə məlumatlar da var ki, işğalçı ölkə Qarabağa yerləşdirdiyi hərbi qüvvələrin bir hissəsini Naxçıvanla sərhədə yerləşdirmək üçün geri qaytarıb. Bu barədə nə deyə bilərsiniz?
– Müasir orduya nə tələb olunursa, hansı atəş vasitələri, hərbi texnika lazımdırsa, onlar hamısı Naxçıvanda artıqlaması ilə cəmləşdirilib. Erməni ordusu təkcə Naxçıvan ərazisində olan Ümumqoşun ordusu ilə bacara bilərmi, onun qarşısında dura bilərmi? Azərbaycan ordusuna kənardan heç bir kömək lazım deyil. Çünki Ümumqoşun Ordusu kifayət qədər silahlanıb, şəxsi heyət hər şeylə təmin olunub. Mən hələ Müdafiə Nazirliyinin birlik və birləşmələrini demirəm. Azərbaycan Respublikasının ordakı digər güc strukturlarının kifayət qədər sanballı və təmin olunmuş, döyüş qabiliyyətinə malik olan birləşmələri də öz sözünü çox kəskin formada deyə bilər.
– Ermənistan ordusunun komplektləşdirilməsində problem olması tələbələrin güzəştdən məhrum edilməsinə gətirib çıxarıb. Qarabağdakı müəyyən hissələrin Naxçıvan cəbhəsinə yönəldilməsi düşmən ölkə üçün nə vəd edir?
– Yaxşı heç nə vəd eləmir. Əgər bundan əvvəl Qarabağ istiqamətində bir neçə bölməmiz düşmənə sarsıdıcı zərbə endiribsə, bundan sonra qüvvələrin azlığı şəraitində işğalçı ölkə şübhəsiz ki, qarşımızda duruş gətirə bilməz. Üstəlik, Naxçıvan cəbhəsindən zərbələr endirilsə, düşmən ölkə üçün fəlakətli vəziyyət yaranacaq. Onlar nəinki tələbələri, məktəb uşaqları, yaşlı adamları da orduya yığsalar, qarşımızda dayanmaq üçün lazım olan say tərkibini yığa bilməzlər. Fakt budur ki, Ermənistanın səfərbərlik ehtiyatları yoxdur.
– Bu günlərdə erməni general Todevasyan demişdi ki, Qarabağdakı hərbi hissələrdən birinə qadın komandir rəhbərlik edir. Son zamanlar erməni qadınların orduya cəlb olunması istiqamətində təbliğat aparırlar. Düşmən bununla nə demək istəyir?
– Bununla belə bir təbliğat aparmaq istəyirlər ki, bizim orduda qadın polkovniklər də var. Ona demək lazımdır ki, Qafqaz adət-ənənəsinə görə, qadını döyüşə aparmırlar, namus-qeyrəti kişi qoruyur və müharibəyə də o gedir. Bu, ermənilərin özləri üçün olan ucuz tryuklardan biridir.
– Qadınların orduya cəlb edilməsi əsgər çatışmazlığının da nəticəsi sayıla bilərmi?
– Sözsüz ki, onlarda əsgər çatışmır, çatası da deyil. Pulları da yoxdur ki, xaricdən muzdlular gətirsinlər. Ümumiyyətlə, ermənilərin muzdlu döyüşçüləri saxlamaq üçün pullarımı var? Hələ onlar sırada durmuş əsgərlərin maaşını vaxtında versinlər, hərbi texnika alsınlar… Hansı vəsaitlə alacaqlar? Ermənistan nə etsə belə, bizim qarşımızda dura bilməyəcək.
– Rusiyanın Ermənistandakı hərbi qulluqçularının Azərbaycan-Ermənistan müharibəsinə müdaxiləsi mümkündürmü?
– Azərbaycan ordusu Ermənistan ərazisinə hücuma keçmir ki. Heç belə bir fikrimiz də yoxdur. Bizim rəhbərliyimiz dəfələrlə bəyan edib ki, biz işğal altındakı Azərbaycan ərazilərini azad etmək niyyətindəyik və bu ərazilər də bizə məxsusdur.
– Deyək ki, Naxçıvan cəbhəsindən erməni təxribatı ilə üzləşsək, ordumuz bunu sakit qarşılamayacaq, cavabı olacaq. Bəs o halda necə?
– Gizli şəkildə, altdan-altdan ermənilərə dəstək verə bilərlər. Ancaq Qarabağ ərazisində belə bir risk etməzlər. Fakt budur ki, o vaxtlar ermənilərə kömək ediblər. Lakin rəsmi şəkildə yox. O zaman elə bizim tərəfdə də döyüşənlər var idi. Amma ciddi şəkildə Rusiyanın müqaviməti ilə üzləşə biləcəyimizdən söhbət gedə bilməz.
– 2018-ci ildə savaş riski nə qədərdir?
– Mənim fikrimcə, savaş riski həddindən artıq yüksəkdir. Çünki məsələnin həlli uzana bilməz. Nə qədər uzanacaq? Sadəcə, siyasi dairələrdə bu məsələ ilə bağlı qərar olmalıdır ki, Azərbaycan ordusu öz vəzifəsini yerinə yetirsin. Bu da artıq siyasi məsələdir, mən ora müdaxilə edə bilmərəm.
– Bu yaxınlarda Azərbaycanın giziri erməni işğalçılarının gülləsinə tuş gəldi və həlak oldu. Bu kimi təxribatlara cavabımız necə olmalıdır?
– Hər an aprel döyüşlərinin bir neçə misli şəklində döyüş əməliyyatları başlaya və ordumu düşmənə sarsıdıcı zərbə vura bilər. Amma budəfəki döyüşlər aprel döyüşlərinə bənzəməyəcək, düşmən qat-qat sarsıdıcı zərbələr alacaq, aprel döyüşlərindən böyük fəlakət və sarsılma olacaq.
– Cənab general, döyüş əməliyyatlarında fəsilə anlayışı nə dərəcədə aparıcı rol oynayır?
– Sözsüz ki, hər bir komandir qərar qəbul edəndə iqlim şəraitini, hansı fəslin olduğunu, gecə, ya gündüzü nəzərə alır. Lakin müasir hazır ordunun tamamilə vecinə deyil, qərarın qışda, ya yayda verilməsinin fərqi yoxdur. Yəni bütün təminat varsa, heç bir fərqi yoxdur. Lap dekabrın 30-u olsun, yaxud yanvarda qar yağsın, Azərbaycan ordusu istənilən istiqamətdə hərəkət edəcək. Horadiz əməliyyatı da qışın oğlan çağında həyata keçirilmişdi…
– Ermənilər iddia edirlər ki, Ermənistan silahlı qüvvələri yaxın gələcəkdə öz kəşfiyyat imkanlarını genişləndirəcək və qonşu ölkələrin ərazisində “kosmik çəkilişlərin köməyi ilə” operativ kəşfiyyat aparacaq. Bu, nə dərəcədə realdır?
– (Gülür). Yavaş olsunlar! Soruşan gərək, sizdə kosmik aparat var? Kosmik aparatlara malik olan dövlət Azərbaycandır, Ermənistan yox. Kiməsə yalvar-yaxar edib nələrsə etmək istəyirlər. Onlar bizi vahiməyə salmaq, öz əhalisini sakitləşdirmək üçün indi də kosmosdan yapışıblar. Hələ bunlar ordudakı problemləri aradan qaldırsınlar, sonra kosmik aparatdan dəm vursunlar…