Deputat Azərbaycanın Qüdslə bağlı mövqeyindən danışdı
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan dövlətdir və bu nöqteyi-nəzərdən Qüds məsələsində də eyni yanaşma tərzini ortaya qoyur.Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, yaranmış böhranla bağlı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev qəti və konkret mövqeyini ortaya qoydu: “Prezident İlham Əliyev vurğuladı ki, “Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması qərarı Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər”. Azərbaycan Prezidentinin həmin siyasəti, tutduğu xətt BMT Baş Assambleyasında da səsvermə zamanı nümayiş etdirildi, Azərbaycan dövləti bu məsələdə öz mövqeyini ifadə etdi. Azərbaycanın bu mövqeyi dövlətimizin beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hörmət siyasətindən qaynaqlanan addımdır”.
Deputat vurğulayıb ki, bu mövqe Azərbaycanın müstəqil siyasətinin bir ifadəsidir: “Bu heç bir halda ABŞ-ın və İsrailin əleyinə yönəlməyib, çünki hər iki dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var, biz ona sadiqik, lakin bizim müttəfiqlik və tərəfdaşlıq münasibətlərimizin kökündə dayanan da beynəlxalq norma və prinsiplərə hörmətdir. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycanın müstəqil xarici siyasətinin birbaşa ifadəsi və növbəti dəfə təsdiqidir”.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib.
Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.