Prezident ISESCO-nun baş direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Konfransın əhəmiyyətini vurğulayan Əbdüləziz Osman əl-Tuveycri tədbirdə müxtəlif ölkələrdən ayrı-ayrı dinlərin nümayəndələrinin iştirakının önəmini qeyd etdi. ISESCO-nun baş direktoru bildirdi ki, Prezident İlham Əliyevin konfransdakı dərin məzmunlu nitqi böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkürünü bildirdi və Əbdüləziz Osman əl-Tuveycrinin konfransda iştirakının və çıxışının önəmini qeyd etdi. Dövlətimizin başçısı Əbdüləziz Osman əl-Tuveycrinin konfransdakı çıxışı zamanı və eləcə də digər tədbirlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirdi.
ISESCO-nun baş direktoru bildirdi ki, Azərbaycanda gedən hərtərəfli, davamlı inkişaf prosesləri və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlar İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılanır.
Görüşdə Azərbaycan ilə ISESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.