Məktəblilər üçün təlim və ekskursiyalar keçirilir
Paytaxt məktəblərində ilin yekunları ərəfəsində silsilə tədbirlər təşkil edilir.Aktor.Az xəbər verir ki, “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi ümumi təhsil müəssisələrində maarifləndirici tədbir, təlim, intellektual oyun, şagirdlərin əl işlərindən ibarət sərgi, bilik və idman yarışları keçirilir. Həmçinin, məktəblilərin tarixi yerlərə və ali təhsil müəssisələrinə ekskursiyaları təşkil olunur.
Maarifləndirici tədbir və təlimlərdə şagirdlər məktəblərdə daha təhlükəsiz mühitin formalaşdırılması, fövqəladə hallarda davranış qaydaları haqqında məlumatlandırılır, onlara bilik və bacarıqlarını artırmaq üçün müvafiq tövsiyələr verilir.
İntellektual oyun, sərgi və yarışların qalibləri medal və diplomla təltif edilir.
Tarixi yerlərə ekskursiyalar zamanı məktəblilər eksponatlarla tanış olur, onlara Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında məlumat verilir. Ali məktəblərə ekskursiyalar çərçivəsində şagirdlər müəllim və tələbələrlə görüşür, ixtisaslar barədə məlumat alır, elmi-tədqiqatlarda iştirak edirlər.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 31 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.