Sabirin yubileyi 158 nömrəli məktəbdə – FOTOLAR
02 may 2017 – ci il tarixində Bakı şəhəri, Yasamal rayonu 158 № li məktəbdə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olundu.Aktor.Az xəbər verir ki, tədbirdə BDU – nun dosenti, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkin, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlıları İctimai Birliyi”nin sədri, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyi”nin sədri Tofiq Əlizadə v iştirak başqaları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan 158 № li məktəbin direktoru Mehriban Ələkbərova ilk çıxış üçün sözü Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirliyə verdi.
Sevda xanım tədbir iştirakçılarını salamlayaraq bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə, həmçinin 158 № li məktəbin direktoru Mehriban xanıma rəhbərlik etdiyi təşkilat və ailəsi adından dərin təşəkkürünü bildirdi. Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti dahi şairin həyatından maraqlı məqamlar ilə tədbir iştirakçılarını tanış etdi.
Tədbir 158 saylı məktəbin şagirdlərinin ifasında M.Ə.Sabirin qələmindən çıxan bir–birindən maraqlı şeirlər, şairin sözlərinə bəstələnmiş mahnılar, eyni zamanda əsərlərindən səhnəciklərlə davam etdirildi.
Şagirdlərin ifasından sonra çıxış üçün söz “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkinə verildi. Nəcibə xanım cəmiyyət və yetişməkdə olan gənc nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışdı.
Sonda şagirdlər fəxri fərmanlarla təltif edildi, xatirə şəkli çəkildi.