AzMİU-da Böyük Britaniyanın Prezident medalı sərgisinin açılış mərasimi olub – FOTO
Dekabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Böyük Britaniya Memarlarının Kral İnstitutunun (RİBA – Royal İnstitute of British Architects) təşkilatçlığı ilə keçirilən Prezident medalı (President medal exhibition of RIBA) sərgisinin açılış mərasimi olub.
Universitetdən Aktor.Az-a verilən məlumata görə, sərgidə Böyük Britaniya Memarları Kral İnstitutunun Tədris üzrə direktoru Devid Gloster, Böyük Britaniyanın Reading Universitetinin Memarlıq fakültəsinin dekanı Lorrein Farelli, British Counsil təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt, Böyük Britaniyanin ölkəmizdəki diplomatik səfirliyinin müavini, eləcə də ölkəmizin nüfuzlu memarları və şirkət nümayəndələri iştirak edib.
Sərginin giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq universitetdə keçirilən sərginin əhəmiyyətini vurğulayaraq onun Azərbaycanda ilk dəfə keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Rektor bildirib ki, universitet Böyük Britaniya Memarları Kral İnstitutu ilə çoxdan əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq Böyük Britaniya Memarları Kral İnstitutunun nümayəndələri universitetdə olur, memarlıq fakültəsinin tələbələrinin əl işlərinə baxır onlara tövsiyələr verirlər.
Böyük Britaniya Memarları Kral İnstitutunun Tədris üzrə direktoru Devid Gloster çıxışında bu sərgilərin tarixindən danışıb, qeyd edib ki, “Prezident medalı” sərgisi 1836-cı ildən keçirilir. Dünyanın ən nüfuzlu beynəlxalq mükafatı olan RİBA Prezident medallarının ən yaxşı memarlıq işlərinə verildiyini deyən cənab Gloster bu günə qədər 35 ölkədə 300-ə yaxın işə baxdıqlarını deyib. O deyib ki, onlar arasında ən yaxşıları bürünc və gümüş medallarla mükafatlandırılıb. Çıxışının sonunda qonaq AzMİU-nun rektoruna hesabat kitabını və sərgiyə həsr olunmuş jurnal təqdim edib.
Digər çıxış edənlər sərginin işinə uğurlar arzulayıb, Memarlıq fakültəsində təhsil alan tələbələr üçün belə beynəlxalq əhəmiyyətli sərgilərin keçirilməsini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.