“Axsayan bankları” müflis elan etmək çıxış yolu deyil – EKSPERT
Azərbaycanda Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Aktor.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bəzi bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac olduğunu şərh edərkən belə deyib.
Onun fikirlərini olduğu kimi diqqətə çatdırırıq:
“Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var. Əvvəllər də dediyimiz kimi, təcrübə göstərdi ki, palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil. Belə bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac var. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır. Hətta əmanəti bankdan götürməkdə belə çətinliklər yaranır. Təəssüf ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təklifimiz qəbul olunmadığından problemli kreditlərin həcmində artımlar davam edir. Vətəndaşlarımız da əmanətlərini yerləşdirən zaman yüksək faizə deyil, bankın maliyyə imkanlarına diqqət yetirməlidirlər. Bütövlükdə, apardığımız monitorinq və qiymətləndirmələr göstərir ki, 8 bankın sağlamlaşdırılmasına ehtiyac var.
Buna görə də, biz bir müddət öncə ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif etdik. Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər”.