AzMİU-da elmi-praktik konfrans keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinin inkişaf perspektivləri” adlı I elmi-praktik konfrans keçirilib.
AzMİU-dan Aktor.Az-a verilən məlumata görə, nəqliyyat sahəsinin rolu və əhəmiyyəti, inkişafının mövcud aktual problemlərinin analizinə və onların həlli istiqamətinə həsr olunan konfransda universitetin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri ilə yanaşı, “Azəravtoyol” ASC-nin və ona tabe olan müxtəlif qurumların məsul şəxsləri, Baş Dövlət Yol Polisi İdarəsinin, “AzVirt” MMC , “Azərbaycan Dəmir yolları” QSC, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə universitetin elm və texnika işləri üzrə prorektoru Arif Şərifov açaraq qeyd edib ki, adından da göründüyü kimi, konfrans respublikamız üçün aktual olan bir sahəyə həsr olunub. Prorektor hazırda ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişafın nəqliyyat sektorunda daha qabarıq nəzərə çarpdığını, Bakı şəhəri və regionlarda beynəlxalq tələblərə cavab verən ən müasir nəqliyyat-yol infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. A. Şərifov proqramda qoyulan vacib problemlərin həlli istiqamətində əsaslı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə çıxış edərək ölkəmizin nəqliyyat infrastrukturunun optimal təşkili və bu sahədə prioritet məsələlərin müəyyənləşdirilməsinin vacibliyinə toxunub. Müasir dövrdə nəqliyyat sahəsinin müstəqil tədqiqat istiqaməti kimi inkişaf etdirilməsi məsələsinə diqqət çəkib. O, qeyd edib ki, bu gün təhsildə ən əhəmiyyətli məsələ elm, təhsil və istehsalat sahələri arasında əlaqələri qurmaq və inkişaf etdirməkdir. İlk dəfə keçirilən konfransda dəvət olunan mütəxəssislərin, nümayəndələrin fəallıq göstəricisinin yüksək olduğunu deyən dekan bu faktı universitetin Nəqliyyat fakültəsinin əlaqədar qurumlarla olan işgüzar əlaqələrinin nəticəsi kimi dəyərləndirib.
Plenar iclasda Nəqliyyatın tikintisi və yol hərəkətinin təşkili kafedrasının müəllimi Valeh Şərifov “Nəqliyyat sahəsində mövcud problemlər və həll istiqamətləri”, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizliyi kafedrasının müdiri Razi Bayramov “Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksində hərəkətin təhlükəsizliyinə ümumi baxış” mövzusunda məruzələri dinlənilib.
Qeyd edək ki, konfrans iki gün davam edəcək.