Deputat Mikayıl Cabbarovun təyinatından danışdı
Mikayıl Cabbarovun vergilər naziri vəzifəsinə təyin edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə idarəçiliyin təkmilləşdirilməsi istiqamətində apardığı islahatlardandır.Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, bu islahatlar daim aparılır: “Ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkədə bütün istiqamətlərdə islahatlar həyata keçirilir. Prezident İlham Əliyev xüsusən də idarəçiliyin təkmilləşdirilməsinə diqqət yetirir. İdarəçilik sahəsində islahatlar xüsusi əhəmiyyət kəsb edir. Kadr dəyişikliyi də bu nöqteyi-nəzərdən həyata keçirilir”.
E.Nəsirovun sözlərinə görə, Mikayıl Cabbarovun həmin vəzifəyə təyin edilməsi ilk növbədə kadrlara öz potensialını geniş nümayiş etdirməyə şərait yaradır: “Mikayıl Cabbarov təhsil naziri vəzifəsində olarkən Azərbaycan təhsilində bir sıra yeniliklər edildi. Hesab edirəm ki, Mikayıl Cabbarov vergilər naziri kimi də bir sıra yeniliklərlə yadda qalacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilib və vergilər naziri təyin edilib.