ƏdəbiyyatXəbər xətti

Cəmil Əlibəyov – 90

İlkinlik həyasının, ismətinin mehrabından səsləniş kimi qələm dostu İmamverdi Əbilova yazılan bu məktub görkəmli yazıçı Cəmil Əlibəyovun şəxsində həmişəyaşar Şərq ruhuna əbədi ehtiramın ifadəsidir. Ötən əsrin 90-cı ilində ölkəmizdə yaşanan hərc-mərclik və xaos bəlasının olmuşlarına əsl ziyalı, mütəfəkkir etirazının, təpkisinin siması sərgilənib bu yazılanlarda. Çox səmimi, milli dəyərlərin gəlişmələri sarıdan nigaran, səksəkəli, eyni zamanda, vətəndaş məsuliyyətindən qaynaqlanan bu məktub ötənlərin yaşantısına ayna tutur.

Möhtərəm İmamverdi müəllim!

Məktub vasitəsilə ilk “Xoşgördüyü” deməkdən məqsədim odur ki,  bu tərzdə ilk görüşümüzdür. Səbəbini deyim: Sizi tanıdığım uzun illər ərzində həmişə müəllim zabitənizi hiss eləmişəm və məktubda hər hansı qüsura yol verə biləcəyimdən ehtiyat eləmişəm.

Görünür, özüm duymuşam ki, yaşlaşmışam, yaşlı adamlar isə sərbəstləşirlər, hətta cavanlıqda bir dəfə də dillərinə gətirmədikləri ləfizləri söyləməkdən çəkinmirlər. Cəsarətim üçün bəri başdan üzr istəyirəm.

Deyəcəksiniz ki, hər müəllimdənmi belə çəkinirsən? Yox! Mənim müəllimlərimə oxşayanlardan. Onlar isə yoxa çıxmaq üzrədirlər. Təsəvvür edin ki, heç bir müəllimimdə (mən universitetin iki fakultəsini bitirmişəm və Moskvada da oxumuşam) bir balaca eyib görə bilməmişəm. “Dözümlü məhəbbət”i “Azərbaycan” jurnalında çap eliyəndə İsmayıl Şıxlı təvəqqe  etdi ki, Zaminlə Mənzər qırx ilin görüş həsrətində olublar, indi ulduzları barışıb, bu istəyi oxucu naturallıqla görmək istəyəcək. Boynuma qoydu. Ancaq yaza bilmədim, heç öpüşdürə də bilmədim. Mənzər müəllimədən utandım. Onun müəllimə həyasının, ismətinin çəpərini aşa bilmədim.

 

 

Oxucular da elə bilir, yazıçılar kefə baxır. Həyatda qismətləri olmadığı gözəlllik nemətlərində yazılarında çatırlar, kam alırlar. Yeri gəlmişkən onu da deyim ki, mən həyatda rast gəldiyim, ucbatından əzab çəkdiyim çirkinliklərə bais bu çəpərləri basdalayıb keçməkdə görürəm. Qadağalarda, mənəvi ölçü-biçidə ehtiyatlı olmadığımızdan, hər şeyi qatıb-qarışdırdığımızdan bu günə düşmüşük – sağalmaq üçün də diaqnoz verə bilmirik xalqa. Dünən təzə roman üzərində işləyirdim. Bəlkə “Ədəbiyyatda” o parçanı oxudunuz. Bağda (məktubu da Bilgəhdə yazıram) it zingiltisi, ulaşması yaxınlıqdakı kənd əhlini zinhara gətirir, uşaqlar gedirlər, bu itdən can qurtarmağa. Görürlər ki, hələ gözünün boz toru çəkilməmiş küçüklər əməndə qancığın – analarının əmcəyini gəmirirlər, qana qərq eləyiblər. Qoca bunun illətini tapır: “Bu it canavarlarla kürsəyə gedib”. Bizim də əxlaq-davranışımız bizə yad olanla kürsəyə gedib. Öz ənənəvi cızıqlarından çıxmış olsaydı cavanlar, buna çarə tapılardı, diaqnoz qoymaq mümkündü. Ancaq bu, SPİD kimi bir bəladır. Odur ki, müalicəsi mümkün olmur. Biz təzədən yeni nəsli bu əxlaqdan kənarda saxlamalıyıq və onları öz kokləri üstə tərbiyə etməliyik. İnşallah! Mən gərək ki, görüşümüz zamanı sizə dedim, “Şərq” qəzeti buraxmaq istəyirəm. Bu məqsədlə hər şeyi öz relsi üzərinə qoymaq üçün. Hələlik niyyətdir. Kağız (halal yolla) tapılmır. Təmiz əxlaq təlqin edəcək qəzeti isə haram yolla əldə edilmiş kağızda çap eləmək bünövrədən işi əyməkdir. Sağlıq olsun…

Məni bu saat bir şey maraqlandırır – “Mənim analı dünyam”a necə, nə vaxt, hansı yollarla qayıdacayıq. İstərdim ki, siz bu haqda kitab yazasınız. Müşahidələriniz,  mühakimələriniz. İqtibassız, isnadsız. Bu lazımdır, əlavə söhbət üçün vaxt tapsanız, mən məmnuniyyətlə, narahatçılıqlarımı deyərdim. Didaktikanı biz çox nahaq yerə məişətimizdən çıxarmışıq. Qurani-Kərimimiz bu ahəngdə qurulub və böyük bəşəriyyəti öz ardınca aparır. Nəsihət əleyhinə çıxanlar bayaq xatırlatdığım əxlaq qanını qarışdırmış adamlardır. Onlarda hər kəs özünə cavabdehdir. Öz həyatını yaşayır. Kimdən törəmə olduqlarını familiyalarında da gizlədirlər, kimlərə məxsus olduqlarını söyləməklə qane olurlar.

Birdən deyərsiniz ki, Cəmil müəllim də dəbə uyub, bəs niyə indiyədək bu fikri təlqin etməyib. Mən gözümü açandan Anamın əxlaqını bəyənmişəm. Onu müdafiə etmişəm. Hətta bu feodal əxlaqı üstündə az atmacalar eşitməmişəm.

Xülasə, biz təklənmişik, sərkərdəmizi – əxlaq müəllimlərimizi sıradan çıxarıblar, hara gedəcəyimizi bilmirik. İman sorağı ilə gəzərkən azıb bundan da pis səmtə getməkdən də qorxmaq lazımdır. Tarixdə belə bir vaxtda peyğəmbər peyda olub və işləri onun təzə baxışları sahmanlayıb. Ümidim buydu ki, Ana kultu olacaq. Son hadisələr göstərdi ki, bu korlanış analardan gəlir, onlar uşaqlardan, uşaqlar onlardan aralanıblar. Nə ana uşaqdan ehtiyat edir, nə uşaq anadan qorxur. Hələ yaza bilməmişəm. Çoxdan niyyətimdə var: uşaqlar bizi necə tərbiyə edir… bunu yazam gərək.

Sizinlə, zəmanənin deyərdim ki, nadir insanı ilə görüşməyə, özümü yoxlamağa, cəsarətə gəlməyə və yaş keçsə də, nəysə bir faydalı yolu arayıb tapmağa ehtiyac duyuram. Gərək imkan da tapım.

Sizin qarşınızda qəbahətlərimi və borcumu azaltmaq üçün şəklimi göndərirəm, acı sözləri ona deyib ürəyinizi boşalda bilərsiniz.

“Mənim analı dünyam”a da öz böyük aləminizdə sığınacaq verəcəyinizə əminəm.

Sizin Cəmil Əlibəyov
28 oktyabr 1990
Bilgəh