AzMİU-da multikulturalizmlə bağlı tədbir keçirilib – FOTO
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) İctimai fənlər kafedrasının təşəbbüsü ilə “Azərbaycanda multikulturalizm həyat tərzidir” adlı tədbir keçirilib.
Universitetdən Aktor.Az-a verilən məlumata görə, İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva və Fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şəfi Danyalov çıxış edərək, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi dünyada tanındığını qeyd ediblər. Dinlərarası münasibətlərin hazırkı vəziyyətində ölkəmizin dünyaya örnək olduğu bildiriblər. Ölkə başçısının da qeyd etdiyi kimi multikulturalizmin dövlətin əsas yaşam tərzinə çevrildiyindən danışıblar.
Sonra Qusar rayonunun sabiq prokuroru, Azərbaycan Respublikasinin Baş Prokurorluğunun fəxri işçisi Zahid Vəliyev və İctimai fənlər kafedrasinin dosenti, Zəminə Əsgərovanın mövzu ətrafında məruzələri dinlənilib. Qusar rayonunun sabiq prokuroru Qusar rayonunun timsalında ümumi multikulturalizm və dövlətin bu sahədə yürütdüyü siyasət barədə məlumat verib.Təmsil etdiyi rayonda azsaylı xalqlara olan diqqət və qayğıdan söz açıb. İctimai fənlər kafedrasinin dosenti, Zəminə Əsgərova isə “Multikulturalizim azərbaycanlıların həyat tərzidir” deyiminin təmamiylə real əsaslara söykəndiyini, xalqımızın sıx bağlı olduğu multikultural dəyərlərin ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu 70-80-ci illərdə xüsusən sürətlə inkişaf etdiyini vurğulayıb. Müasir dövrdə isə ölkəmizdə multikulturalizmin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini tələbələrin diqqətinə çatdırıb.