Prezident İstanbul Prosesinin VII nazirlər konfransında
Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak edirlər.
Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani konfransı açıq elan etdi. O, Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı konfransda nitq söylədi.
Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf proseslərindən, ölkəmizin beynəlxalq əməkdaşlığından, iqtisadi sahədə həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən, respublikamızın sülhməramlı əməliyyatlarda iştirakından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açdı.
Dövlətimizin başçısı Azərbaycanda, həmçinin korrupsiyaya qarşı görülən tədbirlərdən, “ASAN xidmət” mərkəzlərinin yaradılmasından, burada əhaliyə şəffaf xidmətin göstərilməsindən danışdı.
Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış etdi. Əfqanıstan Prezidenti Azərbaycan sülhməramlılarının ölkəsinin təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirdi. O, Azərbaycanın iqtisadi inkişafını, ümumi daxili məhsulun artmasını, davamlı islahatların həyata keçirilməsini yüksək dəyərləndirdi.
Prezident Məhəmməd Əşrəf Qani, həmçinin “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə dəstək verən ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlığını bildirdi. Dövlət başçısı Əfqanıstanın terrorizmlə mübarizə sahəsində gördüyü işlərə, ölkənin inkişafı istiqamətində atılan addımlara toxundu. Bildirdi ki, terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir. Təəssüf ki, bəzi ölkələr terrorizmə dəstək verirlər. Terrorizmə qarşı mübarizə həm də regionda olan problemlərin həllinə töhfə verir.
Xatırladaq ki, “Asiyanın Qəlbi – İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.
“Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə qoşulub.