“Üstünlüyüm elimə, obama daha yaxın olmağımdır” – Yəhya Babanlı
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRDƏ 7 SAYLI ORDUBAD-CULFA SEÇKİ DAİRƏSİ üzrə NAMİZƏD YƏHYA MƏMMƏD oğlu BABANLININ PLATFORMASI
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər ölkənin tarixində mühüm ictimai-siyasi hadisələrdən biri olacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarmaqdadır. Bu mərhələnin ən səciyyəvi cəhətlərindən biri siyasi elita ilə sadə vətəndaşlar arasında birbaşa ünsiyyət imkanlarını genişləndirməsi, qarşılıqlı inam və etibarı daha da dərinləşdirməsidir. Mövcud reformalar cəmiyyətin bütün təbəqələri tərəfindən dövlət başçısının idarəçilik sistemini daha modern, çevik və effektiv prinsiplər əsasında yenidən formalaşdırmaq istəyinin ifadəsi kimi qəbul olunmaqdadır. Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyur. Ən yeni tarixi anın iştirakçısı olmaq, həyata keçirilən islahatlara dəstək vermək hər birimizin vətəndaşlıq borcudur. Parlament seçkilərinə qoşulmaq təşəbbüsümün əsas səbəbi də bir vətəndaş, gənc və ziyalı olaraq bu tarixi əhəmiyyətli prosesə töhfə verməkdir. Əminəm ki, seçicilərin də dəstəyi ilə bu seçkilərdə qalib gələrək, üzərimizə düşən missiyanı ləyaqətlə yerinə yetirə biləcəyəm. Hesab edirəm ki, platformamda əksini tapmış ideya və təkliflər Naxçıvanda həyata keçirilən davamlı sosial-iqtisadi islahatlara töhfə olacaqdır.
DÖVLƏT MARAQLARININ MÜDAFİƏSİ
– Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Dövlət Başçısı İlham Əliyevin inamla və uğurla davam etdirdiyi milli dövlətçilik ideologiyasının etibarlı, qətiyyət və sədaqətlə müdafiəsi;
– Azərbaycanın milli maraqlarının və dövlətçilik mənafelərinin bütün səviyyə və platformalarda effektiv formada qorunması;
– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xalqımızın tarixən məruz qaldığı terror, soyqırımı və deportasiya aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
– Azərbaycana, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı bəzi ölkələrin tarixi saxtalaşdırmaq üsulları ilə irəli sürdüyü ərazi iddialarının faktlar əsasında beynəlxalq platformalarda ifşa olunması;
– Naxçıvan Muxtar Respublikası rəhbərliyinin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli strateji inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirdiyi siyasətin müdafiəsi.
SOSİAL SAHƏDƏ
– Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, qaçqın və məcburi köçkünlərin problem və qayğılarının daim diqqət mərkəzində saxlanılması;
– Aztəminatlı ailələr, fiziki məhdudiyyətli şəxslər, xüsusi qayğıya ehtiyacı olan insanlara daim dəstək göstərilməsi;
– Qocaların, gənclərin-yeniyetmələrin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə müvafiq mərkəzlərin, klublarının və evlərin açılması;
– Kənd, qəsəbə və şəhərlərdə xeyir-şər evlərinin tikintisi;
– Su-kanalizasiya sistemlərinin yenidən qurulmasına ehtiyac duyulan yaşayış məntəqələrinin müəyyən olunması və bu barədə müvafiq təkliflər paketinin hazırlanaraq dövlət qurumlarına təqdim edilməsi;
– Təhsilin keyfiyyətinin yüksəldilməsi və səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara dəstək məqsədilə təkliflərin hazırlanması.
İQTİSADİ SAHƏDƏ
– Naxçıvan Muxtar Respublikasının, Ordubad və Culfa rayonlarının sosial-iqtisadi inkişafı, layihələrin təşəbbüskarı kimi çıxış etmək və bu layihələrin həyata keçirilməsinə dəstək olmaq;
– Kənd icmalarının təsis olunması və ixtisaslaşma üzrə mikro istehsal müəssisələri üçün şəraitin yaradılması (məsələn, dağ otlarının qablaşdırılması, meyvə qurudulması sexləri və s);
– İçməli su və suvarma sistemlərinin yaradılması, yeni artezian quyularının qazılması və melorativ tədbirlərin görülməsi;
– Ordubad rayonunda konserv zavodunun və yeni tipli ipəkçilik fabrikinin tam gücü ilə bərpası;
– Culfa rayonunda Azad iqtisadi zonanın yaradılması;
– Su bəndlərinin, drinajların qurulması yolu ilə qismən yağış suyundan istifadə olunmaqla kiçik su elektrik stansiyalarının inşası və həmin kanaldan kənd təsərrüfatı üçün istifadə edilməsi;
– Yerli meyvə sortlarının qorunması və məhsuldarlığının artırılması məqsədi ilə tinkçilik təsərrüfatının inkişaf etdirilməsi;
– Kənd təsərrüfatının inkişafına və yerli istehsalın artmasına xidmət edən bütün layihə və təşəbbüslərin dəstəklənməsi.
TURİZM SAHƏSİNDƏ
– Bölgənin turizm potensialının təbliği və təşviqi üçün müvafiq obyektlərin, otel, motel, hostel və s. inşası;
– Kəndlərdə ekoturizm infrastrukturunun qurulması;
– Tarixi abidələrin bərpası (qədim yaşayış yerləri, kurqanlar, hamamlar, məscidlər, pirlər və s.) diyarşünaslıq muzeylərinin və kənd evlərinin yaradılması;
– Ordubad şəhərində tarix və şəxsiyyətlər parkının salınması;
– Xarabagilan və Xanəgah Açıq Səma Altında Muzey Komplekslərinin yaradılması;
– Akademik Həsən Əliyev adına Kiçik Qafqaz Təbiəti Mühafizə Virtual Mərkəzinin yaradılması ilə bağlı Heydər Əliyev Fonduna təklifin verilməsi;
– Yerli əhalinin, qonaqların, turistlərin istirahəti və qidalanması üçün süni göllərin, balıq vətəgələrinin yaradılması və həvəskar turistlərin balıq ovuna cəlb edilməsi;
– Əslən Naxçıvandan olan həmyerlilərimizi müqəddəs saydığımız diyarın təbliğatçısına çevirmək məqsədilə “Hər il bir dəfə Naxçıvanda” şüarı altında turist marşrutunun hazırlanması və “Naxçıvan günləri”nin keçirilməsi.
GƏNCLƏRLƏ İŞ SAHƏSİNDƏ
– Gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə kompleks tədbirlər planının hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunması;
– İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislərə dəstək verilməsi;
– İstedadlı gənclərin irəli çəkilməsi ilə bağlı təkliflərin hazırlanması;
– Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhidlərin adının əbədiləşdirilməsi, məktəblərdə, kitabxanalarda və s. guşələrinin yaradılması;
– M.T.Sidqi adına maarifləndirmə, təlim-tədris mərkəzinin açılması;
– Yerli yardım fondlarının yaradılması təşəbbüsü ilə çıxış etmək və müxtəlif layihələrin, xüsusilə ehtiyacı olan tələbələrin təhsil xərclərinin qarşılanması;
– Bakıda Ordubad və Culfadan olan tələbələrin yataqxana təminatı ilə bağlı məsələlərin aradan qaldırılması (iş adamlarının cəlb edilməsi yolu ilə).
– Xaricdə yaşayan və təhsil alan gənc həmyerlilərimizlə görüşlərin keçirilməsi və onların Vətənlə əlaqələrinin gücləndirilməsi məqsədilə layihələrin gerçəkləşdirilməsi./İstixeber.info.az