“Azərbaycanın da özünü müdafiə etmək hüququ var”
Azərbaycan Xarici İşlər Naziriyindən (XİN) verilən məlumata görə, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Portuqaliyanın “Diario de noticias Mundo” portalına “Ermənistan dünyada yeganə mono-etnik dövlətdir” adlı müsahibəsində deyib.
XİN rəsmisi bildirib ki, Ermənistan gücdən istifadə edərək işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparıb və təxminən bir milyondan artıq azərbaycanlı yurdundan didərgin salınıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğuna görə, hər gün atəşkəs pozulur və bu, insan tələfatına səbəb olur: “Ona görə də ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. İlk növbədə işğal faktına son qoyulmalı və Ermənistan qoşunları qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından mütləq çıxarılmalıdır”.
O bildirib ki, ən əvvəl Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir: “Hansı ölkə razılaşar ki, onun ərazisi güc yolu ilə digər dövlət tərəfindən işğal olunsun? BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. İşğala son qoyulmalı, məcbur köçkünlərin öz torpaqlarına qayıtması təmin olunmalıdır. Beynəlxalq hüquqa əsasən, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan da anlamalıdır ki, bu feodal qaydalar 21-ci əsrdə yolverilməzdir. Ermənistan digər ölkənin ərazini işğal edib, Azərbaycan əhalisinə qarşı qəsb edilmiş ərazilərdə etnik təmizləmə aparıb, mülki əmlakı dağıdıb və sonra bunun nəticələrini öz müqəddəratını təyinetmə kimi təqdim edir. Əgər Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk edərsə, Azərbaycan Dağlıq Qarabağa öz sərhədləri daxilində yüksək muxtariyyət statusuna baxa bilər”.
“Ermənistanda belə bir fikir formalaşıb ki, Azərbaycan tərəfinin nifrəti çox böyükdür. Siz bunu necə şərh edərdiniz?” sualına cavabında isə XİN rəsmisi deyib: “Məsləhət görərdim ki, Ermənistanda yalnız orta məktəb dərsliklərinə baxasınız. Siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiniz. Ermənistan dünyada yeganə mono-etnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb. Elə 300 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. İki il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu artıq irqi ayrı-seçkilik xarakterli bəyanatdır”.
Jurnalistin Azərbaycanın Dağlıq Qarabağı hərb yolu ilə geri qaytarmaq ehtimalı ilə bağlı sualına Azərbaycanın XİN sözçüsü münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini bildirib.