Səməd Vəkilovun qaldırdığı məsələyə icra başçısından müsbət reaksiya
Bu gün Sabunçu Rayon İcra Hakimiyyətrinin başçısı Adil Vəliyev Maştağa Mədəniyyət Mərkəzində sakinlərlə görüş keçirib.
Axar.az xəbər verir ki, görüşdə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan şəxslər də iştirak ediblər.
Deputatlığa namizəd, tanınmış hüquqşünas Səməd Vəkilov Maştağa qəsəbəsinin yollarının təmir edilməsinin bəzi deputatlığa namizədlərin adına çıxılması məsələsinə aydınlıq gətirməsini icra başçısında xahiş edib.
İcra başçısı namizədlərin bu tipli özünütəbliğinə qəti etirazını bildirib:
“Yollar cənab Prezident İlham Əliyevin tapşırığı əsasında təmir edilir. Heç kim qəsəbə ərazisində cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən təmir işlərini öz adına çıxa bilməz! Belə ucuz reklam heç kimə başucalığı gətirmir”.
Həmçinin görüşdə iştirak edən deputatlığa digər namizəd Cəmilə Abdullayeva tərəfdarlarının təhdid və təzyiqlərə məruz qalmasından şikayətlənib. Səməd Vəkilov icra başçısından Cəmilə Abdullayevanın iddialarının araşdırılması üçün müvafiq qurumlara müraciət etməsini xahiş edib.