Parlamentin saxlanmasına hər ay 2 milyon xərclənəcək
“Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2018-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib”.
APA xəbər verir ki, bunu parlamentin plenar iclasında 2018-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev bildirib. Onun sözlərinə görə, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub.
F.Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: “Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2018-ci ilin xərclər smetasında göstərilən bəzi maddələr üzrə vəsaitin çatışmazlığını nəzərə alaraq xarici ezamiyyə xərcləri 200 min manat, digər alış və xidmətlər yarımmaddəsinə 300 min manat, mətbəə xərcləri paraqrafına 50 min manat, avadanlıqların alınması yarımmaddəsinə 100 min manat, icarə və muzdlu xidmətlər paraqrafına 200 min manat, o cümlədən Milli Məclisin avtoparkının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınmasına və göstərilən maddələr üzrə cəmi 1 mln. 200 min manat vəsaitin ayrılmasını sizdən xahiş edirəm”