GündəmİqtisadiyyatManşetSosialTexnologiyaXəbər xətti

Rəşad Cəfərov: “İpoteka və Kredit Zəmanət Fondu üçüncü açıqlamasında vətəndaşları günahkar çıxarsa, təəccüblü görünməyəcək”

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində baş verən problemlə bağlı dünən İpoteka və Kredit Zəmanət Fondu ikinci açıqlamasını yaydı. Bu açıqlama insanlar tərəfindən birmənalı qarşılanmadı. Birinci açıqlamanın mətni baş verən problemi öz üzərlərinə götürməkdən ibarət idisə, ikinci açıqlamasında Fond ictimaiyyətin onlara qarşı fikrini qismən dəyişməyə yönəltmişdi.

 

İKT üzrə jurnalist-ekspert Rəşad Cəfərov TED.az-a Fondun açıqlamalarını şərh edərkən bunları dedi: “Belə bir vəziyyətin yaranması, əlbəttə ki, məsuliyyətsizliyin nəticəsidir. Bu, ona görə məsuliyyətsizlik adlandırılır ki, belə bir problemlə digər dövlət qurumu olan MİDA-nın sosial evlərin satışı zamanı rastlaşılmışdı. Deməli ki, bundan nəticə çıxarılmayıb. Qeyd edim ki, hər iki sistem “Elektron hökumət” portalına inteqrasiya ilə vətəndaşlara təqdim edilib. Bu o deməkdir ki, xidmətlərin auditi və ya test olunaraq, risklər yoxlanılaraq istifadəyə təqdim olunmasında boşluqlar var. “Elektron Hökumətin İnkişafı Mərkəzi” də bu məsələ ilə bağlı açıqlama yaymalı idi, məncə. Bu da baş vermədi. Çünki birinci açıqlamada Fond elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portalın artıq yüklənməyə məruz qalmasını göstərdi. Açıqlamanın birinci hissəsi, yəni ““Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması” hissəsi problemin “Elektron hökumət” portalından qaynaqlandığına işarədir, ikinci hissəsi, yəni “digər texniki səbəblərdən” hissəsi isə Fondun sistemi ilə qismən bağlı olduğu anlayışına gəlir.

 

Dünən isə Fond kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlarla bağlı ikinci açıqlamasını yaydı. Elektron sistem haqqında ətraflı məlumat da açıqlamaya əlavə olundu. Lakin birinci məlumatda göstərilən digər texniki səbəblər yenə də açıqlanmadı. Sistemin nə zaman vətəndaşların istifadəsinə veriləcəyi barədə də məlumat yoxdur. Kütləvi informasiya vasitələrinin məlumatlarının həqiqəti əks etdirmədiyi söylənilir. Halbuki əsl həqiqəti Fond özü açıqlamır, ictimaiyyətə ətraflı hesabat vermir. Üçüncü açıqlamada vətəndaşlar günahkar çıxarılsa, niyə kütləvi olaraq sistemə müraciət etmələri üçün qınanılsa təəccüblü görünməyəcək”.

 

 

Həmçinin Rəşad Cəfərov baş verən bu problemin bir sıra məqamları da ortaya çıxardığını bildirdi: “Fondun dili ilə desək, sistemdə baş verən nasazlıq, vətəndaşlara təqdim olunan bu tip əhəmiyyətli sistemlərdə boşluqların olduğunu açıq şəkildə göstərdi. Təqdim olunan xidmətlərin pentestlərinin, strestestlərinin aparılmaması, risklərin yoxlanılması, milyonlarla vəsait xərclənsə də yenə də nazaslıqların yaranması, cavabdeh qurumların günahı bir-birilərinin üstünə atması, açıqlamalardakı yarımçıqlıq, “Elektron hökumət” portalında islahatların aparılmasının vacibliyi və s. Yeri gəlmişkən, sonuncu söylədiyim də xüsusi bir mövzudur”.

Bir cavab yazın