GündəmManşetSiyasətXəbər xətti

Şamaxıda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulması insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb, yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Qeyd olunan fikirlər dünən Şamaxıda keçirilən 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirində səsləndirilib.

Tədbirdə rayon rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, akademiyanın kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, akademiyanın müəllimi Zaur Məmmədov, yazıçı-publisist Rafiq Səməndər, rayon ziyalıları və şəhid ailələri iştirak ediblər.
Tədbirdən əvvəl Rafiq Səməndərin 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş təkrar nəşr edilən “Şəhidlər” kitabı oxuculara təqdim olunub.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edib, ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Faciə zamanı keçmiş Sovet ordusunun xalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyini bildirən natiq bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.

Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pislədiyini xatırladaraq faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz ulu öndər tərəfindən verildiyini vurğulayıb. Prezident İlham Əliyev tərəfindən Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələri barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması, 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi sərəncam və fərmanlara diqqət çəkib və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm işlərin görüldüyü bildirilib.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, 20 Yanvar qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsidir. Xalq milli birliyini qoruyaraq müstəqil dövlət qurmaq mübarizəsini davam etdirdi. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən – hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.

Tədbirdə qanlı hadisənin şahidi olmuş yazıçı-publisist Rafiq Səməndər, Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov və Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycanın yaradılmasında əsas bünövrə təşkil etdiyini qeyd ediblər.

Sonda Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev çıxış edərək müstəqillik yolunda digər xalqların da oxşar faciələr yaşadığını, amma 1990-cı ildə Azərbaycanda törədilən qırğının daha amansız və genişmiqyaslı olduğunu söyləyib: “Təəssüflər olsun ki, dünyada hələ də qərəzli, ikili standartlar hökm sürür və 20 Yanvar faciəsi barədə bütün həqiqətlər bəşəriyyətə bu gün də geniş açıqlanmır, bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verməkdədirlər”.

Natiq bildirib ki, 20 yanvarda müstəqillik uğrunda canlarından keçən şəhidlərimizin idealı olan müstəqil ölkəmiz bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, dünyada öz sözünü deyən güclü dövlətlər sırasında adı çəkilir. 20 Yanvar hadisəsi xalqımız üçün təkcə böyük faciə deyil, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir.

 

Bir cavab yazın