FotoManşetSiyasətXəbər xətti

Azay Quliyev Şuşa teatrında şəhid ailələri və qazilərlə birlikdə 20 Yanvar şəhidlərini anıb – FOTOLAR

Bu gün Azay Quliyev Şuşa Dövlət Musiqili Dram teatrında 8 saylı Binəqədi birinci seçki dairəsinin sakini olan 20 Yanvar və Qarabağ şəhidlərinin ailə üzvləri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları və Çernobıl əlilləri ilə görüşüb.

Azay Quliyev bildirib ki, 20 yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin xatirəsini anmaq və əziz tutmaq hər bir vətəndaşımızn borcudur: “20 Yanvar hüzn günü olmaqla yanaşı həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün biz bir daha bütün dünyaya qəhrəmanlığımızı göstərdik. Onlar müstəqil Azərbaycanın ilk azadlıq carçıları oldular. Burada iştirak edən şəhid anaları, bacıları, qazilərimiz, veteranlarımız qarşısında baş əyirəm”.

Azay Quliyev deyib ki, Azərbaycan prezidenti İlham Əliyev şəhid ailələri, qazilərimiz, müharibə veteranlarımızı daim diqqətdə saxlayır: “Şəhid ailələrinə birdəfəlik müavinətin ayrılması, onların sosial problemlərinin yüksək səviyyədə həlli bunun bariz nümunəsidir. Cənab prezidentin əsas hədəfi budur ki, bir nəfər də olsun şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzilsiz qalmasın. Biz deputatlar da ölkə başçısının bu siyasətinə dəstək olmaq üçün daim çalışırıq, əlimizdən gələni edirik”.

Görüş çərçivəsində Şuşa Dövlət Musiqili Dram teatrının aktyorlarının 20 Yanvar hadisəsinə həsr olunmuş xüsusi kompozisiya-tamaşası nümayiş olunub. Daha sonra Azay Quliyev tədbir iştirakçılarının fikir və təkliflərini dinləyib.

Azay Quliyev bu gün həmçinin, seçki qərargahının gənc könüllüləri ilə görüşüb. Azay Quliyev 20 Yanvar hadisəsinin yalnız hüzn günü yox, XX əsrdə qəhrəmanlıq tariximizin ən parlaq səhifələrindən biri olduğunu bildirib. Gənclərin vətənpərvərlik hissinin gücləndirilməsi üçün 20 Yanvar hadisəsinin tükənməz qaynaq olduğunu deyən Azay Quliyev həmçinin, dövlət müstəqilliyimizin gücləndirilməsi üçün ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin gördüyü işlər barədə məlumat verib. Toplantıda çıxış edən gənclər 20 Yanvar hadisəsinin əhəmiyyətindən danışaraq Azərbaycanın müstəqilliyi uğrundan canından keçən şəhidləri heç zaman unutmayacaqlarını bildiriblər.

Bir cavab yazın