“Atam fotoları Primakovun üstünə atıb “korsan? Bu qədər öləni görmürsən?” – deyə qışqırmışdı” — Elçin Şıxlinski (MÜSAHİBƏ)
Sovet ordusunun Bakıda törətdiyi qanlı Yanvar qırğınının 30 ili tamam olur.Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zeraklo” qəzetinin Baş redaktoru Elçin Şıxlinski Azpost.info-ya müsahibəsində o dövrə ayna tutub. O, atası, xalqı yazıçısı İsmayıl Şıxlı və digər ziyalılarımızın həmin günlərdə tutduğu mövqeyini xatırladıb, faciənin siyasi aspektlərinə toxunub.
Aktor.Az müsahibəni oxucularına təqdim edir.
-1990-cı ildə gənc olmusunuz. 30 il əvvəl baş vermiş 20 yanvar faciəsini indi necə xatırlayırsnız?
– Mən o vaxt “Azərbaycan kommunisti” jurnalında işləyirdim. Jurnalın Baş redaktoru, mərhum Kamran Rəhimov hətta mənə redaksiyanın ilk partiya təşkilatının katibi vəzifəsini də həvalə etmişdi. “Partkom” idim. Redaksiya Mərkəzi Komitənin (indiki Prezident Administrasiyası) 12 mərtəbəsində yerləşirdi. Çox gərgin və həyəcanlı günlər idi. Təsəvvür edin, Mərkəzi Komitənin qarşısına yığımış xalq hayqırır, biz isə içəridə guya işlə məşğul olurduq. Yanvarın ya 12-si ya da 14-ü idi. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov Mərkəzi Komitədə çalışan bütün işçiləri, o cümlədən bizi zala yığaraq iclas edirdi. Vəzirov indi hamının istehza ilə xatırladığı “istefa, Mustafa” ifadəsini də o iclasda işlətmişdi. İclasda qarmaqarışıq danışır, nə isə izah etməyə çalışırdı. İclas bitdi. Biz Mərkəzi Komitənin ön qapısından çıxa bilmirdik. Arxa qapıdan çıxaraq Nazirlər Sovetinin həyəti ilə gedib binanı fırlanaraq gəlib qoşulurduq mitinqə… Camaatla birgə “istefa” qışqırırdıq. Belə idi vəziyyət. Redaksiyada hamının cibində kommunist partiyasının bileti olsa da hamının ürəyi mitinqə çıxmış xalqın yanında idi. Bu çox səmimi hisslər idi.
-Mərkəzi Komitədə – siyasi “mətbəx”in içində olmusunuz. Rəsmilərin əhval-ruhiyyəsi necə idi? Bu qanlı hadisənin baş verəcəyini gözləyirdilər?
– Yox. Deyim ki, 18-19-20 yanvarda biz artıq o binaya işə gedə bilmirdik. Mümkün deyildi. Əhval-ruhiyyəyə gəlincə, mənim gördüyüm adamlar, xalq hərəkatında iştirak edənlər, xalq belə vəhşilik ola biləcəyini düşünmürdü. 1988-ci ildə də Bakıda buna bənzər hadisələr –izdihamlı mitinqlər, komendant saatı olmuşdu. 1988-ci ilin dekbarın 5-də sovet əsgərləri Meydanı dağıtmışdılar…Adamlar orada döyüldülər, tutuldular… Yanvarda da etiraza çıxanlar deyirdilər ki, uzaqbaşı döyüləcəyik. Hamı ona hazır idi. Mən həmin qanlı gecədə təsadüfən sağ qaldım. Bibim oğlu rayondan gəlmişdi. Onunla indiki Prezident Administrasiyasının qarşısındakı mitinqdə idik. Təqribən saat 11 ərəfəsi idi. Bütün günü küçədə, aksiyada olmuşduq. Bibim oğlu dedi ki, “ay Elçin, möhkəm acmışam, gedək evə, bir tikə çörək yeyək, qayıdarıq”. Bizi o gülləbarandan o aclıq xilas elədi. Biz təsadüfən həmin vaxt yemək üçün evə qayıtmasaydıq yəqin ki, o barrikadada həlak olacaqdıq.
Oradan piyada indiki Sahil bağına gəldik. Sovet hərbçiləri, hərbi texnika müxtəlif binaların həyətində durmuşdular. Adamlar da həmin binaların qarşısında tonqal yandıraraq oturmuşdular. Həmin tonqalın qarşısında bir az dayandıq. Evimiz Hökumət Evinin arxasında idi. Gəldik evə, oturduq yemək yeməyə… Və göydə avtomat güllələri, gurultu eşidlməyə başladı. Qanlı gecə başlanmışdı. Qaçaraq evdən çıxmaq istəyəndə anam, həyat yoldaşım özlərini qapının ağzına atıb ağlamağa başladılar. Atam məndən “oğul, silahınız varmı?” -deyə soruşdu. “Əlinizdə silah varsa gedin”-dedi… Bütün gecəni evin qarşısında qəzəb və əsəb içində keçirtdik. Hamı küçələrdə idi. Bütün baş verənərə baxmayaraq xalqın əhval-ruhiyyəsi azadlığa köklənmişdi. “Biz azad olmaq istəyirik, olacağıq da. Heç kim də qarşımızda dura bilməz”- əhval belə idi. Ertəsi gün Şəhidlərin dəfni üçün 1 milyon insanın küçələrə çıxması o demək idi ki, adamların gözünü qorxuda bilməmişdilər. Əksinə, evdə oturanlar da çıxmışdı küçəyə…O gün hamını dəyişdirdi: Artıq SSRİ, Moskva, Rusiya bizim xalq üçün bitmişdi. Hamı bir fikirdə yekdil idi: “Bunlar bizim qatillərimizdir, Qarabağı da erməniyə Moskva verib, baş verənlər də Kremlin işləridir”. Ümumi əhval belə idi. Bir məqamı deyim: 20 yanvardan bir həftəyə yaxın vaxt ötürdü. Biz iş yerinə gəlmişdik. Lənkəranda sovet ordusu hərbi əməliyyat keçirib qoşunların zorakılığna etiraz edən gəncləri meşədə öldürmüşdülər. Hələ də ölüm, qətl davam edirdi. O xəbərləri göz yaşı və qəzəblə qarşılayırdıq. Bizim jurnalın məsul katib rus idi. Lənkərandan o qətl xəbəri gələndə redaksiyada əllərini bir-birinə sürtüb “oqo, kak xoroşo çto ix uniçtojili” (nə yaxşı ki, hamısını qırıb məhv elədilər) deyəndə hamı qaçdı onun üstünə…Az qala öldürəcəkdik onu. Yalvar-yaxarla birtəhər əlimizdən aldılar. Rus “onların meşədə nə işləri var?” sual verəndə mən “o torpaq o uçaqların ana yurdudur. Bəs sənin rus əsgərinin orada nə iti azıb?” deyib üstünə cumdum. Səsini kəsdi.
– Həmin hadisələr vaxtı ictimai xadimlər, tanınmış ziyalılar böhranın həll olunması üçün cəhdlər göstəriblər. Mən bəzi sənədlərlə tanış olmuşam. Mərkəzi Komitədə Mixail Qorbaçovun Bakıya göndərdiyi yüksək vəzifəli sovet rəhbərləri ilə bu ziyalıların görüşləri keçirilib. Görüşlərdə atanız- Azərbaycanın görkəmli yazıçısı, mərhum İsmayıl Şıxlı, xalq şairi Bəxtiyar Vahabzadə, QMİ sədri Allahşükür Paşazadə iştirak ediblər. İsmayıl müəllim bu görüşlərdən sonra evə hansı qənaətlərlə gəlirdi? Faciə qaçılmaz idi yoxsa qarşısını almaq şansı vardı?
-Atam faciəvi nəticələrin olacağı barədə bir söz demirdi. Amma xalqı dəstəkləyərək deyirdi ki, Azərbaycan müstəqil olmalıdır. İsmayıl Şıxlı Mərkəzi Komitənin Plenumunun üzvü idi. Onun 24 yanvar 1990-cı ildə Mərkəzi Komitənin Plenumunun iclasında məşhur çıxışı var. Orada iştirak edən Siyasi Büronun üzvü Yevgeni Primakov atamın sözünü kəsmk istəyəndə İsmayıl Şıxlı ona kəskin şəkildə “sən burada özünü çar canişini Vorontsov-Daşkov kimi aparma! Sözümü kəsmə! Sən də mənim kimi partiya üzvüsən”-cavabını vermişdi. Adamlar həlak olanların morqdakı fotolarını çəkib atama vermişdilər. Orada həlak olanların qollarının üstündə rəqəmlər qeyd olunmuşdu. 100, 200-ü keçirdi bu rəqəmlər… Öldürülənlərin sayını göstərirdi. Yevgeni Primakov iclasda “heç kim ölməyib, cəmi bir-iki nəfər həlak olub” deyəndə İsmayıl Şıxlı şəkil qovluğunu onun üstünə ataraq “korsan sən? Bax bu fotolara” demişdi. Atamgil faciədən əvvəl Sov.İKP-nin katibi Girenko ilə görüşmüşdülər. Moskvadan gələnələr deyirdilər ki, “siz sovet hakimiyyətini devirisiniz, biz də gəlmişik bərpa etməyə…” Faciənin lap son günlərində İsmayıl müəllim deyirdi ki, bunlar şəhərə qoşun yeridə bilərlər, özümüzü qorumalıyıq. Əliyalın da qarşılarında durmaq olmaz. Yəni ehtiyatlı olmaq, ağılla iş görmək lazımdır. Amma İsmayıl Şıxlı da sonacan inanmırdı ki, sovet ordusu belə vəhşilik törədəcək. Düzdür bir sıra nufuzulu şəxslər deyirdi ki, “qoşun yeridiləcək, əsgərlər şəhərə girəcəklər”. Amma bu boyda qətliamın törədiləcəyinə heç kim inanmırdı.
-Azərbaycanın partiya rəhbərliyinin həmin günlərdə ziyalılarla münasibəti necə idi. Onları eşidirdilərmi?
-Vəzirov sıfır səviyyədə olan adam idi. Onunla danışmağın heç mənası da yox idi. Son günlərdə o artıq heç nə eləmirdi. Əlindən bütün səlahiyyət alınmışdı.
– Səlahiyyəti alınsa da o özü xalqa çatdırıla biləcək nəsə nühüm bir söz deyə bilərdi…
-Nə deyəcəkdi? O rusdan beşbətər idi.
–Mövqe ifadə edə bilərdi: “Ay ziyalılar, xalqı qıracaqlar, mən heç nə edə bilmirəm, siz xahiş edirəm bunu edin” tipində…
-Belə bir söhbəti eşitməmişəm. Müraciət- filan da eləməyib. Özü də demişdi ki, məni Bakıdan evakuasiya edəndə heç bilmirdim ki, nə baş verir…Bilmirəm, dərman içiridiblər, yoxsa başını itirib çaşıbmış. Amma hər halda yadıma gəlmir ki, o desin ki, “ay İsmayıl müəllim, Bəxtiyar müəllim, əlimdən bir şey gəlmir, bir şey fikirləşək”. Belə şey olmayıb. Litvada hadisələr baş verəndə partiya rəhbəri Barazauskas xalqın tərəfinə keçdi. Bizdə isə belə düşüncə belə yox idi.
-Faciədən əvvəl Vəzirovun kabinetində ölkə ziyalıları və dini rəhbərlərlə Yevgeni Primakovun görüşü olub. Orada İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şeyxulislam Allahşükür Paşazadə iştirak edib. Həmin iclasda Primakovla möhkəm mübahisə düşüb. Ondan tələb ediblər ki, ordunun şəhərə girib-girməyəcəyi barədə doğru məlumat verilsin. Moskvadan gələnlər isə ordunun girməyəcəyini bildiriblər…
-Yadımdadır bu görüş… Həmin görüşdən sonra atam gəlib dedi ki, ordunun Bakıya girməyəcəyinə söz verdilər. Amma sonradan –yanvarın 18-19-da AXC-nin nümayəndələri ilə görüşdən sonra demişdilər ki, ordu şəhərə girəcək. Amma yanvarın 14-də atamgilə demişdilər ki, ordu Bakıya girməyəcək.
-SSRİ-nin siyasi rəhbərliyinin rolu bir az qəribə təsir bağışlayır. Bir yandan Bakıda vəziyyəti sabitləşdirməkdən danışırlar, digər tərəfdən isə Şeyxulislam Allahşükür Paşazadəyə Azərbaycana rəhbərlik etməyi təklif ediblər. O da çox guman ki, təxribatı başa düşüb və bu təklifdən imtina edib. Sizcə, bu prosesə “islam fundamentalizmi” yarlığı vurmaqla sovet rəhbərliyi nə əldə etmək istəyirdi?
– Bizim boynumuza elə “islam fundamentalizmi” ittihamını qoymuşdular. Hay salmışdılar ki, hakimiyyətə fundamentalistlər gəlir, İslam inqilabı edəcəklər –filan. Əslində qətiyyən belə bir şey yox idi. Bu ittiham onların əlində bəhanə idi: Onlar artıq niyyətlərini demişdilər: Siz sovet hökumətini devirisiniz. Biz gəlmişik onu bərpa etməyə….
– Qırğınla bağlı Azərbaycan ictimaiyyətinin və rəsmi şəxslərinin mövqeyi sərt və aydın olub. Məsələn, Allahşükür Paşazadə SSRİ rəhbəri Mixail Qorbaçovu lənətləyən bəyanat verib, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova ordunun Bakıdan dərhal çıxarılmasını tələb edib və bəyanat imzalayıb. Bütün bunlar Azərbaycan ictimai rəyinin məsələyə baxşının bir indikatoru sayıla bilər…
– Şeyxulislam Allahşükür Paşazadə 20 yanvar hadisələri zamanı özü millətin içində idi və fəaliyyəti ilə xalqla bir olduğunu göstərdi. Bu mühüm idi. Şeyxin Qorbaçovu ittham edən kəskin bəyanatını yaxşı xatırlayıram. Onun dini lider kimi verdiyi bu bəyanat böyük rezonans doğurmuşdu. Qırğından dərhal sonra Ali Sovetin sədri Elmira Qafarovanın verdiyi bəyanat Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini ifadə edirdi. Yanvarın 21-də Ali Sovetin iclasında verilən o bəyanat vacib sayılır. Həmin iclasın aparıcıları İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və Tofiq Bağırov idi. Çəkilişlər də olmuşdu. Amma o lentlərin indi heç biri yoxdur. Bütün gecə iclas davam etdi. Ondan sonra bəyanat hazırlandı və Elmira Qafarova Ali Sovetin sədri kimi rəsmi olaraq bəyanatı imzaladı. Şəhərdə komendant saatı olduğu üçün hamı gecəni iclas zalında qalmışdılar. Səhəri gün atam evə gələndə dedi ki, “bu vəhşiliyi pislədik, qərar da qəbul etdik ki, qoşunlar Bakıdan dərhal çıxarılsın”. Sonra kədərli səslə dedi ki, “onlar heç nə edəsi deyillər. Sözümüzün əhəmiyyəti olmayacaq”.
–İsmayıl Şıxlının qanlı qırğınla bağlı çıxışı var. Orada Kremli sərt ittham edib və partiyada üzv kimi qala bilməyəcəyini bəyan edir…
-O yanvarın 24-də Mərkəzi Komitənin Plenumundakı çıxışıdır. Çıxış ruscadır. Mən, qardşım Fərrux, həyat yoldaşım çıxışı Azərbaycan dilinə tərcümə etmişdik. Plenumda atam deyib ki, “mən partiyaya 1945-ci ildə üzv olmuşam. O vaxt partiya KPSS idi.(Kommunistiçeskaya Partiya Sovetskoqo Soyuza) İndi KP itib, ancaq SS qalıb. Mən də SS partiyasında, sizin kimi adamlarla bir sırada olmaq istəmirəm. Qrbaçov da, sizdə ermənilərin əlində oyuncaqsınız. Öz xalqınıza qarşı qoşun yeritdiniz”.
Səhəri gün Yazıçılar İttifaqında iclas idi. Atamla birgə Sahil bağının həndəvərinə qədər birtəhər hərbi postlardan keçə bildik. Biz evdən çıxanda anam dedi ki, “ay İsmayıl, küçədə güllə atırlar. Bəlkə getməyəsən?” Atam da qayıtdı ki, “mən müharibəni keçmişəm, orada ölmədim. Burda,vətəndə güllə dəysə ölsəm heç nə olmaz”-deyib çıxdı. Həmin iclasda yazıçılar faciəni pisləmişdilər, çoxu da partiya biletini orada atmışdlar. Amma sonradan böyük əksəriyyəti gedib biletini geri götürdü. Çingiz Abdullayev mənə danışıb. Deyir, məni göndərdilər İsmayıl müəllimin yanına ki, partiya biletini geri götürsün. O da deyib ki, “oğul, kişi tüpürdüyünü yalamaz. Mən bu bileti elə-belə atmamışam. 45 il bu zibilin üzvü olmuşam. Bu oyuncaq deyil ki, atdım, gedib yenə götürüm. Kişinin sözü bir olar”. Atam Mərkəzi Komitənin Plenumunun üzvü idi. Oradan iclaslara dəvət edirdilər, atam deyirdi ki, “mən partiyadan çıxmışam, mənə aidiyyəti yoxdur”. Sonra Həsən Həsənov xahiş etmişdi, atam da Plenumun iclasına qatılmışdı. Çünki ölkəyə yeni 1-ci katib seçilirdi və namizədlərdən biri də Həsən Həsənov idi. Həsən Həsənov Kamran Bağırova baxanda çox milli adam idi. Atam da onunla işləmişdi. AYB-nin sədri olanda çox təmasda olmuşdular. H.Həsənov atama demişdi ki, “İsmayıl müəllim, sən Plenumda olsan mənə xeyli dəstək olar. Bəlkə mən seçildim”. Ona görə getmişdi Plenuma…Yoxsa gedən deyildi. O çıxış da elə orada etmişdi.
-Sizin fikriniz necədir: Noskva bu qırğını törətməklə nəyə nail olmaq istəyirdi? SSRİ-nin yeniləmək istəyən, yenidənqurma və demokratiya vəd edən Qorbaçov və komandası bu addımı nəyə görə atdı?
– Nə yenidənqurma? Onlar heç nəyi yenidən qurmaq istəmirdilər. Tarixə baxın. 1917-ci ildə çar devrildi, bolşeviklər hakimiyyətə gəldilər. Biz də müstəqil olduq. Müstəqil olmağımıza 23 ay dözə bildilər. Bolşevik, menşevik, kommunist –bunların hamısı imperiya təfəkkürü daşıyanlardır. Beyinlərində ancaq hər yeri zəbt etməkdir. O vaxt bunların fikrincə, çar Rusiyası artıq ömrünü başa vurmuşdu, dəyişməliydi. Amma onların ağlına gəlməmişdi ki, çar Rusiyasının işğal etdiyi digər xalqlar müstəqil ola bilərlər. Oldular…Bolşeviklər öz prolemlərini həll etdilər, müharibədən çıxdılar. Sonra qüvvələrini yönəltdilər bu tərəfə. Bir-bir başladılar işğal etməyə…
1940-cı ilə qədər bu işğal davam elədi. Pribaltika, Moldova…Yenidənqurma illəri də eyni şey idi. Kreml görürdü ki, köhnə iqtisadi sistemlə SSRİ-ni idarə edə bilmir. Maliyyə yoxdur, ölkəni saxlamaq olmur. Bunlar guya Yenidənqurma elədilər. Amma sonradan elə oldu ki, SSRİ-də xalqlar azadlıq uğrunda mübarizəyə qalxdı. Pribaltika, Ermənistan, Gürcüstan, Azərbaycan… Mənə elə gəlir ki, Qarabağ məsələsi olmasaydı biz hələ yatacaqdıq. Bu problem bizi oyatdı. Heç kimin ağlına gəlmirdi ki, SSRİ dağılacaq. Qorbaçov sadəcə sistemi bir az dəyişdirib müasirləşdirmək istəyirdi. Amma imperiya düşüncəsi dəyişməmişdi. İndinin özündə də Putinin siyasəti nədir? Getdi Gürcüstanın yarısını aldı, Ukraynanın müəyyən hissəsini tutdu. Moldovanı yarıya bölüb. Bizə girmir ona görə ki, Qarabağı erməninin əli o vaxtdan işğal edib. Rusiyanın ölüb-itdiyi ancaq imperiyadır. İndi dünya dəyişib deyə biz 25 ildən çoxdur müstəqil olaraq ayaq üstə dura bilirik. O vaxt olsa idi Rusiya yenə 3 gündən sonra ordunu yeridib buranı dağıdıb işğal edəcəkdi. İndi beynəlxalq şərtlər bir qədər başqadır. Eyni zamanda hələ bu işlərindən əl çəkmirlər. Baxın. Hər vəchlə Belarusu öz tərkibinə qatmağa çalışır. Sonra Ukrayna…Yenə gələcək bizim üstümüzə…Orta Asiyaya o qədər fikir vermir. Çünki onları barmağının bir işarəsi ilə gətirə bilər. Nazarbayev niyə paytaxtı Alma-Atadan köçürdü? Çünki o hissəni Moskva əlinə götürəcəkdi. Yeni paytaxta köçdü ki, demoqrafik vəziyyəti dəyişsin. Bu çox müdrik hərəkət idi.
-20 yanvar faciəsinin Azərbaycan cəmiyyətinin yaddaşında yeri necədir?
– 20 yanvar Azərbaycan üçün matəm deyil, matəm günü olmamalıdır. Bu bizim qəhrəmanlıq günümüzdür. Şərəfli günümüzdür. 20 yanvarda şəhid olanların ruhu şad olmalıdır. Biz onları unutmamalıyıq. Eyni zamanda başımızı dik tutmalıyıq. Yenə əyilib kiminsə qoltuğuna girəcəyiksə onların qanı bizə halal olmaz. Biz cəmiyyəti də, uşaqları da bu ruha kökləməliyik. Bu bizim şərəf günümüzdür, millətin millət olma məqamıdır. Millət qururlu olmalı, ayaq üstə durmalı, başını dik tutmalıdır. Biz Şəhidlər Xiyabanına gedəcəyik, onları yad edəcəyik, dua oxuyacağıq. Bununla yanaşı hökmən deməliyik ki, Vətən sağ olsun!