GündəmİqtisadiyyatManşetTexnologiyaXəbər xətti

Transxəzər fiber-optik kabel xətləri Avropa-Asiya arasında Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti ölkənin Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində “Azerbaijan Digital Hub” proqramının icrasına davam edir.

Aktor.Az xəbər verir ki, proqramın ilk fazasında şirkət ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu üzrə layihələr reallaşdırır. Hazırda Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar üzrə fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə 19 mart 2019-cu il tarixdə Azərbaycanla Qazaxıstan, 28 noyabr tarixində isə Azərbaycanla Türkmənistan arasında dövlətlərarası sazişlər imzalanıb.

Sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan marşrutu üzrə 400 km uzunluqda xəttin (TransCaspian Fiber Optic – TCFO) çəkilişini Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstanın isə KazTransCom və Transtelecom şirkətləri icra edəcək. Layihənin 2021-2022-ci illərdə tamamlanması planlaşdırılır. Ötən ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində Azərbaycan-Qazaxıstan marşrutu üzrə layihənin təməlqoyma mərasimi keçirilib və tədbirdə hər iki ölkənin baş naziri, dövlət rəsmilərivə layihəni icra edən şirkətlərin rəhbərləri iştirak ediblər.

Azərbaycan-Türkmənistan marşrutunun uzunluğu isə 300 km olacaq və layihəni AzerTelecom və Türkməntelekom operatorları icra edəcək.

AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, Qazaxıstan istiqaməti üzrə xəttin məlumat ötürmə gücü ən azı 4-6 terabit/s, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/s olacaq.

“Ölkə başçısı cənab Prezident İlham Əliyev ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi məsələsinə toxunmuş, layihənin önəmli olduğunu bildirmiş və qeyd etmişdir ki, bir halda ki Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiber-optik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Cənab Prezidentin diqqət mərkəzində olan bu strateji layihələrin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icrası əsas hədəfimizdir” – deyə Fuad Allahverdiyev qeyd edib.

Xəzərin dibi ilə magistral xətlərin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi ipək yolunun üzərində rəqəmsal ipək yolu formalaşacaq. Qazaxıstan istiqaməti

üzrə Qazaxıstanın və Çinin, Türkmənistan istiqaməti isə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək.

AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

 

Bir cavab yazın