ManşetMediaXəbər xətti

Media eksperti İctimai Televiziyanı sərt tənqid etdi:“Rəsmi gəlirlər gizlədilib?”

Media eksperti Ələsgər Əhmədoğlu İctimai Televiziya və Radio Yayımları şirkətinin parlament seçkiləri ilə bağlı namizədlərin çıxışına tətbiq etdiyi qiymət tarifini sərt tənqid edib.

Aktor.Az onun fikirlərini olduğu kimi diqqətə çatdırır:

“İctimai Televiziyanın seçkilərdə ödənişli reklam qiymətini ən çox izlənmə saatında dəqiqəsi 4602 manat, ən az izlənmə saatında dəqiqəsi 1558 manat müəyyən etməsi maraqlı mülahizələri ortaya çıxarmağa əsas verir. Belə ki, İTV-nin qanunla hər saat başına 9 dəqiqə reklam, 3 dəqiqə tele-ticarət olmaqla toplam 12 dəqiqə kommersiya məqsədli yayım hüququ var. Televiziya 24 saatlıq yayım rejimi ilə işləyir. Bu dəqiqələri bir illik yayımda topladıqda televiziya il ərzində 105 min 192 dəqiqəni kommersiya məqsədi ilə istifadə edə bilər.

İctimai yayım haqqında Qanunun 10-cu maddəsi İctimai yayım fəaliyyətində şəffaflıq adlanır.

Qanuna əsasən, İctimai yayımçının iqtisadi fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə cari və ya Yayım şurasının qərarı əsasında fövqəladə audit yoxlamalar keçirilir. Təftiş və ya audit yoxlamaların nəticələri kütləvi informasiya vasitələrində dərc olunur.

Lakin İctimai Yayımçının praktikada iqtisadi fəaliyyətinin şəffaflığı təmin edilmir. Onun ən son audit hesablamalarına dair məlumat 5 il öncəyə-2015-ə aiddir. Son 4 ilin hesabatlılığı yoxdur. Bu onu göstərir ki cari illik audit yoxlamalarının nəticəsi gizlədilib.

2015-ci ildə İctimai Yayımçının reklam gəlirləri il ərzində 157 min 255 manat olduğu göstərilib. Burdan çıxan nəticəyə görə, 2015-ci ildə reklam dəqiqəsinin orta gəlirliliyi dəqiqəsi 2 manat 44 qəpik olub.

Hazırda seçki təşviqatı üçün müəyyən edilən minimum qiymət (1dəq=1558 manat) orta reklam gəlirliyindən 638 dəfə, maksimum qiymət (1 dəq=4602 manat) 1 886 dəfə yüksəkdir.

 

İndi sual budur:

  1. Qiymət qoyarkən hansı əsaslar nəzərə alınıb ki, belə yüksək qiymət müəyyən edilib?

2.Bəlkə də qiymət həqiqi gəlirlərinə görə müəyyən edilib, lakin rəsmi gəlirlər o zaman harda gizlədilib?

İllik 105 min 192 dəqiqlik vaxtı minimum qiymət olan 1558 manata vurduqda məntiqlə televiziyanın azı illik reklam gəlirləri azı 163 milyon 889 min manat olmalıdır. Seçki dəqiqəsi üçün müəyyən olunan yüksək qiymətlə isə 484 milyon manat raklam gəliri deməkdir ki, bu daha fantastik rəqəmdir. Qiymət müəyyən edənlər açıqlama verməyə məhkumdurlar, buyurun, arqumetlərinizi gözləyirik”.

PS:  Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

 

Ələsgər Əhmədoğlu

Bir cavab yazın