Sədr deputatların özlərini “millət vəkili” adlandırmasına etiraz etdi
Vəkillər Kollegiyasının sədri Anar Bağırov deputatlara “millət vəkili” deyilməsinə etiraz edib. Oxu.Az-ın xəbərinə görə, A.Bağırov qanunvericiliyə əsasən kimlərin özlərini vəkil adlandıra bilməsinə aydınlıq gətirib.
O bildirib ki, Azərbaycanda yalnız vəkillər müddətsiz seçilir.
“Vəkillərimiz insanların hüquq və azadlıqlarını peşəkarcasına müdafiə edirlər. Ona görə də qanunvericiliyə görə istisnasız və müstəsna olaraq yalnız və yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil adlanır, bu müqəddəs ad yalnız onlara aiddir”, – deyə A.Bağırov bildirib.
O daha sonra əlavə edib:
“Heç kim inciməsin, ancaq əsl vəkillərin kimliyi qanunla müəyyən olunub. Parlamentin seçilən üzvləri qanunla deputat adlanırlar, onlara dair qanunvericilikdə vəkil sözü işlədilmir və bunu hər kəs dərk etməlidir.
Beləliklə, əsl millət vəkillərini tanıyın. Özünü vəkil adlandırmaq istəyən Vəkillər Kollegiyasına üzv seçilsin”.
Qeyd edək ki, nə Konstitusiyada, nə “Deputat statusu haqqında” qanunda, nə “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunda, nə də Milli Məclisin Daxili Nizamnaməsində “millət vəkili” sözü işlədilir.