FHN müsbət rəy verdiyi binaların sayını açıqladı
Prezident İlham Əliyevin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumatda bildirilir ki, fərmanın icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 7 321 354 kvadratmetr olan 73 979 mənzilli, ümumilikdə 1275 girişli 351 binaya (kompleksə) dair müsbət rəy verilib. 320-si Bakı şəhəri, 19-u Abşeron rayonu, 2-si Sumqayıt şəhəri, 7-si Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i Lənkəran şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər, Lənkəran Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin vaxtında başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin iştirakı ilə mütəmadi görüşlər keçirilib. Fövqəladə Hallar Nazirliyinin, habelə digər aidiyyəti dövlət oqanlarının nümayəndələrinin iştirakı ilə keçən görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsi aparılıb.