“Azərişıq”a yeni sədr təyin olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Mən sizi “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız.
Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülübdür. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq biz buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edibdir.
Bütün bu işlərin təməlində generasiya güclərinin yaradılması dayanır. Biz son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaratdıq, bir çox elektrik stansiyaları inşa edildi və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilibdir. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərildi. Əlbəttə ki, paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Vaxt var idi ki, ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı. Əksinə, bizim üçün böyük problemlər yaratmışdır. İndi bəziləri unudub, vaxtilə elektrik enerjisinin qıtlığına görə gecə saatlarında televiziya kanalları söndürülürdü. Bakının enerji təminatı tamamilə bərbad vəziyyətə düşmüşdü. Bakının enerji təminatını inhisara götürmüş “Barmek” şirkəti enerji təsərrüfatını tamamilə sıradan çıxarmışdı. İndi bir çoxları o dövrü unudub. Mən bunu yaxşı xatırlayıram ki, məhz mənim göstərişimlə və sərəncamımla xarici iş adamlarının yarıtmaz fəaliyyəti geniş təhlil edildi. Bakının enerji təminatı yenə dövlətə qaytarıldı və “Azərişıq” yaradıldı. “Azərişıq” Səhmdar Cəmiyyətinin adını da mən vermişdim. O gündən bu günə qədər dövlət bu sahəyə böyük vəsait ayıraraq ciddi dönüş yarada bildi. Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.
Ancaq bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.
Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək.
Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.
Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə – vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir.
Mən bölgələrə çoxsaylı səfərlərim çərçivəsində bir sıra elektrik stansiyalarının, yarımstansiyaların açılışında iştirak etmişəm. Hər zaman maraqlanıram ki, rayonlarda elektrik enerjisi ilə bağlı vəziyyət necədir. Son illər bu sahədə çox böyük dönüş var və bu proses davam etdiriləcək. Hələ ki, təmirə ehtiyacı olan enerji infrastrukturumuz var. Biz bu məsələləri ardıcıl şəkildə həll edəcəyik ki, bu sahədə heç bir problem olmasın.
Ölkəmizdə əhalinin və sənaye potensialının artımı diktə edir ki, bu sahə daim diqqət mərkəzində olsun. Odur ki, mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik.
Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu bu sahədə görülmüş işlərə çox yüksək qiymət veribdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik. Biz bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlamışıq. Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Əlçatanlıq bu deməkdir. Yəni ki, insanların, müəssisələrin enerjiyə əli çatır və bu əmsala görə biz dünyada ikinci yerdəyik. Bax, budur bizim gördüyümüz işlərin nəticəsi. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik. Həm “Azərenerji”, həm də “Azərişıq” qarşısında çox böyük vəzifələr qoyulub. Əminəm ki, bu vəzifələr ardıcıllıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır.
Vüqar Əhmədov : Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Çalışacağam bu yüksək etimadı öz işlərimlə doğruldum.
Cənab Prezident, Sizin digər sahələrdə olduğu kimi, elektroenergetika sahəsində gördüyünüz işlər də hər kəsin gözü önündədir. Qeyd etdiyiniz kimi, dörd il bundan əvvəl yaradılan “Azərişıq” Səhmdar Cəmiyyəti Sizin sayənizdə irimiqyaslı işlər görmüşdür. Bu gün “Azərişıq” Səhmdar Cəmiyyəti istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edir. Bu günədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilmiş və ya əsaslı təmir edilmişdir. İndiyədək 1 milyon 200 mindən çox yeni sayğac quraşdırılmışdır ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb. Yığım 95 faizə çatdırılıb, “Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib.
Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu sahədə doğrudan da çox işlər görülüb, o cümlədən vaxtilə böyük problemə çevrilən ödəməmələr məsələsi ilə bağlı. İndi bu problem mövcud deyil. Siz “Azərenerji”yə enerji pulunu 100 faiz ödəyirsiniz və yığım da 95 faizdir, bu da hesab edirəm ki, yaxşı nəticədir.
Əlbəttə ki, gələcəkdə, xüsusilə ucqar dağ kəndlərində enerji təsərrüfatına da böyük diqqət göstərilməlidir. Çünki biz demək olar ki, bütün şəhərlərdə artıq yeni yarımstansiyaların, transformatorların quraşdırılması nəticəsində problemi həll etmişik, ancaq bəzi kəndlərdə dirəklər köhnədən qalıbdır. Mən o kəndlərdə olarkən görürəm ki, hələ də taxta dirəklər qalmaqdadır. Onları müasir dirəklərə dəyişdirmək üçün əlavə tədbirlər görülməlidir. Paylayıcı xətlər indi tamamilə yenilənibdir. Ona görə enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən “Azərişıq” daim bu işlərə diqqət yetirməlidir. Çünki bizim tələbatımız artır. Baxın, 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıbdır. Deməli, əlavə enerji gücü lazımdır. Hesab edirəm ki, şəbəkəyəqoşulma bizdə yüksək səviyyədə təmin olunur. Bəzi ölkələrdə bu, böyük problemə çevrilir və açılan müəssisələr ümumi şəbəkəyə qoşula bilmir. Bizdə bu problem yoxdur. Ancaq tələbat artır, əhali artır və artacaq. İndi əhali 10 milyona çatıbdır. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək. Biz indi profisitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın. Əlbəttə ki, enerji təsərrüfatını normal vəziyyətdə saxlamaq üçün bütün istismar qaydaları gərək yüksək səviyyədə təmin edilsin. 2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır. Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzanın fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək. Sizə uğurlar arzulayıram. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.