AzMİU-da “Azərbaycan – tükənməz xəzinə!” layihəsinin müzakirəsi keçirilib – FOTOLAR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) akt zalında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə qalib Elminaz Qəhrəmanovanın “Azərbaycan – tükənməz xəzinə!”adlı layihəsinin ilk müzakirəsi keçirilib.
Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov gəncləri salamlayaraq onlara layihə haqqında məlumat verib.Əlavə edib ki, təmsil etdiyi universitet daimə gənclərlə bağlı təşəbbüsləri dəstəkləyir, onlara qayğı göstərir.Çıxışının sonunda müzakirə iştirakçılarına uğurlar arzulayıb.
Layihə ilə bağlı ekspert qismində çıxış edən www.Aktor.az saytının təsisçisi Telman Məmmədov öncə Azərbaycan dövlətinin gənclərə qayğısından, ölkə başçısı İlham Əliyevin bu yaş kateqoriyasından olan şəxslərə geniş imkanlar yaradılmasına göstəriş verməsindən danışıb.Natiq Azərbaycan Respublikası Gənclər Fondunun çevik fəaliyyətini buna nümunə göstərib.Sonra o, müzakirə olunan mövzunun vacibliyindən, bu yöndə gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib.Ekspert bildirib ki, bu gün ekoloji məsələlərin həlli vacib amillərdən biridir:
“Təsadüfi deyil ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edildi. Bu təşəbbüs müsbət qarşılandı və görülən tədbirlər əhali və ictimaiyyət tərəfindən dəstəkləndi, ağacəkmə kampaniyası, habelə digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirildi.
Məlum olduğu kimi, XIX və XX əsrlərdə insanın antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahəngi tamamilə pozulmuş və çox ciddi ekoloji disbalans yaranmışdır.Müharibələr, etnik münaqişələr, terrorizm, kosmik tədqiqatlar, sənaye və nəqliyyat tullantıları, kənd təsərrüfatında işlədilən zəhərli kimyəvi maddələr atmosferi, hidrosferi və litosferi çirkləndirməklə ekoloji tarazlığın ritmini tamamilə öz məhvərindən çıxarmış, onu kollaps və aqoniya vəziyyətinə salmışdır”.
T.Məmmədov əlavə edib ki, son 30 il ərzində təkcə Avropa ölkələrində minlərlə fövqəladə iqlim hadisəsi baş vermiş, 2003-cü ildə isə Avropanın 12 ölkəsində qlobal iqlim dəyişikliyi nəticəsində 70 min nəfərdən çox insan dünyasını dəyişmişdir.İqlim dəyişkənliyi insan sağlamlığının ən başlıca amili sayılan su, hava, ərzaq və məişətə güclü neqativ təsirlər göstərməklə, sağlamlıq üçün ağır fəsadlarla gətirib çıxarıb.
Ekspert daha sonra Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ekoloji mühitinə, ölkəmizin flora və faunasına, təbii sərvətlərinə külli miqdarda ziyan dəyməsini xatırladıb.
Çıxış edən layihə rəhbəri Elminaz Qəhrəmanova həmkarlarını salamlayaraq, onun təşəbbüsünü dəstəklədiyinə görə, Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkür edib və zaldakı tələbələri də fəallığa səsləyib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya” kafedrasının müdiri,Birləşmiş Oksford Akademiyasının fəxri professoru Fəqan Əliyevin söhbəti maraqla qarşılanıb. Alim vurğulayıb ki, bu gün dünyada tullantıların 32 faizi ABŞ və Çinin, 17 faizi Rusiya və Hindistanın payına düşür.Qlobal və lokal miqyasda ekoloji vəziyyətdən nümunələr gətirən professor əlavə edib ki, yaşadığımız planetin bugünkü ekoloji durumu bəşəriyyəti “qlobal düşünməyə və lokal-yerli təsir (hərəkət) etməyə” məcbur edib və heç bir məcraya sığmayan tərzdə narahatlığa səbəb olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri – professor Fuad Hacı-zadə, Sevda Qasımova, baş müəllim Gülnarə Binnətova, həmçinin televiziya mütəxəssisi Həbib İslamzadə mövzu ilə bağlı fikirlərini səsləndirib, gənclərin, tələbələrin suallarını cavablandırıblar.
Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara sertifikat, buklet, əyani vasaitlər təqdim edilib.
Xatırladaq ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilir.