Mir Cəlal Paşayevin yaradıcılığı ABŞ-da təqdim olunub
Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. Bu, ADA Universiteti tərəfindən bu il nəşr edilmiş sözügedən kitabın ABŞ-da ilk təqdimatı olub.
Konsulluqdan verilən məlumata görə, təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Mir Cəlal Paşayevin həyatı, yaradıcılğı və pedaqoji fəaliyyəti haqqında qonaqlara məlumat verərərək, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Diplomat qeyd edib ki, Mir Cəlal Paşayevin əsasını qoyduğu məktəb hazırda da uğurla davam etdirilir. N.Ağayev bildirib ki, Mir Cəlal Paşayevin əsərlərində geniş tərənnüm etdiyi humanizm, vətənpərvərlik və sosial ədalət prinsipləri universal dəyər daşıyır və yazıçının ədəbi yaradıcılığında önəmli rol oynayır. Baş konsul qeyd edib ki, Mir Cəlal Paşayev ədəbiyyat, mədəniyyət, elm və təhsil tariximizin ən parlaq nümayəndələrindən biri olaraq, yaddaşlarda işıqlı şəxsiyyət kimi yaşamaqdadır.
Daha sonra Baş Konsulluq tərəfindən hazırlanmış, Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş qısa video-çarx nümayiş etdirilib. Sonra Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitabın amerikalı redaktoru Betti Bleyer (Betty Blair) çıxış edərək, kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb. O, Mir Cəlal Paşayevin öz hekayələrində satiradan geniş istifadə edərək, Sovet sisteminin eybəcərliklərini məharətlə ifşa etdiyini, bu kimi mənfiliklərin hər bir cəmiyyətin inkişafını geri saldığını göstərdiyini qeyd edib.
Çıxışların ardınca amerikalı aktyorlar Mark Ceykobson (Mark Jacobson), Kristina Gerla (Cristina Gerla) və Kris Agilanın (Chris Aguila) təqdimatında Mir Cəlal Paşayevin “Anket Anketov”, “İclas qurusu” və “Söyüd kölgəsi” hekayələri nümayiş etdirilib. Əsərlər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Tamaşadan sonra Los Ancelesdə yaşayan Azərbaycan icmasının gənc üzvləri skripkaçı Elvina Qurbanova və vokalist Nail Qurbanovun ifalarında Azərbaycan musiqisinin nümunələri səsləndirilib. Musiqi proqramı tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.