Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır!
Cəmiyyətin bütün təbəqələrini öz sıralarında iman və ümidlə birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi 25 illik şərəfli yol keçib. Ulu öndər Heydər Əliyevin zəngin irsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə güclü və nüfuzlu siyasi təşkilatdır. Güclü, qüdrətli müstəqil dövlət sayəsində xalqımızın tarixi arzularını reallaşdırmaq Yeni Azərbaycan Partiyasının əsas prinsipidir.
1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirdi. O dövr Azərbaycan, tarixinin son dərəcə çətin zamanını yaşayır, məhz belə bir dövrdə Yeni Azərbaycan Partiyası Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə formalaşdı. Siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını daha çox narahat edirdi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətləri ölkəni çətin vəziyyətdən çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla həyata vəsiqə aldı.
Yeni Azərbaycan Partiyası həmin tarıxdən müstəqil Azərbaycanın, xalqımızın həyatında tarıxı bir dönüş, intibah dövrü oldu. Yeni Azərbaycan Partiyasının yaradılması və uğurlu fəaliyyəti Azərbaycan Respublikasının vətəndaşları qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması, respublikanın ərazi bütövlüyünün bərpası, milli maraqlarımıza uyğun olaraq Dağlıq Qarabağ probleminin həlli, ölkə əhalisinin təhlükəsiz və firavan həyat şəraitində yaşamasını təmin etmək, Azərbaycanda demokratik hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılması, ölkənin bütün ictimai-siyasi qüvvələrindən, intellektual potensialından səmərəli istifadə olunması, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması, əsas insan və vətəndaş hüquqları və azadlıqlarının qorunması kimi mühüm vəzifələr yerinə yetirilməsi istiqamətində mühüm addımlar atılmış və uğurlar əldə edilmışdir.
Müstəqilliyinin 26-cı ilini yaşayan Azərbaycan Respublikasının qazandığı uğurların əsasında müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin imzası durur. Eyni zamanda ölkənin uğurlu inkişafnın əsasında ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları əhəmiyyətli rol oynayır. Zaman keçdikcə biz bunu daha aydın görür, dərk edirik.
Yeni Azərbaycan Partiyasının yaradılmasına tarixi baxış heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə baxışdan keçir. Tarixi bir misalda deyildiyi kimi “Şəxsiyyətlər tarix yaradır” kəlamı ümummilli lider Heydər Əliyevin tərcümeyi-halıdır.
Tarixə nəzər etsək aydın olar ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycanda dövlət idarəçiliyində, təsərrüfatın bütün sahələrində yeni nəfəs, yeni iş metodunun əsası qoyuldu. Xalq milli adət-ənənələrin qorunub saxlanılmasının, milli düşüncəli ziyalıların – öz millətsevərliyini ört- basdır edə bilməyənlərin təqib olunmadığını gördükcə sabaha daha böyük ümidlə baxır, Heydər Əliyevin rəhbərliyi altında siyasi hakimiyyət ətrafında sıx birləşirdi. Çox sərt rejimi ilə yaddaşlara əbədi həkk olunan sovet sistemi şəraitində Azərbaycan xalqı üçün çox vacib və zəruri hesab edilən xeyli mürəkkəb məsələlər milli mənafe naminə böyük müvəffəqiyyətlə həll edilirdi. Heydər Əliyev çox yaxşı bilirdi ki, millətin millət kimi formalaşmasında və tanınmasında ilk növbədə elm, təhsil mədəniyyət, incəsənətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilməlidir. Yalnız bu yollarla Azərbaycan istiqlalının təməlini hazırladı.
O, düşüncəsi, uzaqgörənliyi, geniş dünyagörüşü və xalqın, millətin tərəqqisi yolunda yerinə yetirdiyi missiya ilə millətin atasına çevrildi. Sovet dövründə respublikaya rəhbərlik edən şəxs milli ruh, millətin gələcək müstəqilliyi, xalqın milli-mədəni intibahı naminə fəaliyyət göstərərdisə onun aqibətinin necə olacağı hamıya bəlli idi. Heydər Əliyev də bunu çox yaxşı bilirdi. Lakin buna baxmayaraq, o, həyatını riskə qoyaraq bütün bunlara getdi. Bu, ilk növbədə onun xalqına, millətinə, vətəninə necə böyük məhəbbət, sevgi ilə bağlılığından, böyük millətsevərliyindən irəli gəlirdi.
Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını Azərbaycan xalqının birliyi, hakimiyyət daxilində yekdillik təşkil edirdi. Hakimiyyətlə xalq arasında vəhdətə nail olunması xalqın Heydər Əliyevə olan inamını daha da artırdı. Azərbaycanlıları yüksək dövlət, partiya və müxtəlif sahələrdə, xüsusilə təsərrüfat strukturlarında vəzifələrə yerləşdirməklə siyasi hakimiyyəti möhkəmləndirir, milli ruhu qaldırır, respublikanın hərtərəfli inkişafı üçün zəmin yaradırdı. O, Azərbaycan ərazisində yaşayan bütün vətəndaşların vahid amal ətrafında birləşməsinə nail olduqdan sonra diqqəti digər sahələrin inkişafına yönəltdi. Ümumiyyətlə, 1969-1982- ci illər Azərbaycanın tarixində həmişə yüksəliş, tərəqqi, inkişaf kimi qalacaq. Bu illər ərzində elə bir sahə olmadı ki, Azərbaycan ittifaqın digər respublikalarından geri qalsın. Elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, sənaye sahələri sürətlə inkişaf etdirildi. Milli-mənəvi dəyərlərimiz qorunub saxlanıldı. Moskvanın təzyiqlərinə baxmayaraq, mənəvi dəyərlərin qorunub-saxlanılması, habelə inkişafı diqqət mərkəzində olurdu. Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın müasir elm və mədəniyyət nailiyyətlərini mənimsəmələrini daim diqqət mərkəzində saxlayırdı. O, deyirdi ki, dövlət idarəçiliyində uğurlar qazanmaq üçün savadlı, bilikli kadrlara, özü də milli kadrlara böyük ehtiyac var. Bu ehtiyac tam ödənildiyi halda bütün sahələr üzrə müvəffəqiyyətlərə imza atmaq mümkün olar. Ona görə də gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində dövlət hesabına təhsil almalarına nail olurdu. Bunun nəticəsi olaraq Azərbaycan başdan-başa savadlılar diyarına çevrildi. Azərbaycanın hətta ucqar kənd məktəblərində, sənaye və təsərrüfat sahələrində ali təhsillilər üstünlük təşkil edirdilər. Ana dilimizin qorunub saxlanılmasında, belə ağır bir dövrdə Konstitusiyada dövlət dili kimi təsbit olunmasında, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında, mədəni-maarif, səhiyyə sahələrinin əsaslı şəkildə qurulmasında, respublikanın demoqrafik inkişafında, milli hərbçi kadrların hazırlanması və hərbi vətənpərvərlik tərbiyəsinin inkişafı Heydər Əliyevin xalq, vətən qarşısında ən böyük tarixi xidmətlərindəndir.
Onun bu qabiliyyəti, dərin siyasi biliyi, zəkası SSRİ-nin o vaxtkı rəhbərliyinin də diqqətindən yayınmadı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə aparıldı. Azərbaycanın daha da inkişafı, tərəqqisi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni zavod və fabriklərin açılması istiqamətində qətiyyətli addımlar atdı. Azərbaycanın dünya miqyasında tanınması üçün bütün imkanlardan səmərəli istifadə etdi. Artıq Azərbaycan SSRİ-nin inkişaf etmiş qabaqcıl respublikalarından birinə çevrilmişdi.
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev «Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr» əsərində həmin dövrdə dövlət başçısının yürütdüyü missiyanın təsnifatını belə verir: «Təbiət Heydər Əliyevə nadir keyfiyyətlər-iş qabiliyyəti, qətiyyət, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı kimi keyfiyyətlər bəxş etmişdir… Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır. Onun adı da, elə özü də bu dövlətçiliyi təcəssüm etdirir… Heydər Əliyev həm özünün nadir siyasi istedadı sayəsində, həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti, onun bugünkü həqiqətlərini, sabahkı gününün etibarlı bünövrəsini yarada bilmişdir. Formal səbəblərə görə deyil, ilk növbədə məhz buna görə Azərbaycan tarixinin 1969-cu ildən bəri bütün dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Həqiqətən də, Azərbaycanı müstəqil dövlət qurmağa aparan yol, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlanır. Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, onun simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır. O, əvvəlki, standart stereotipləri qırır, hansısa yeniliklər daxil edə bilirdi ki, bunları da o illərdə başa düşmək və dəqiq formalaşdırmaq çətin idi. Əslində isə, bunlar olduqca aydın nəticələrə gətirib çıxarırdı. Heydər Əliyevin bütün fəlsəfi baxışları xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Qalan hər şey, o cümlədən də iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin təməlinə çevrilməli idi».
Bu münasibət ümummilli liderimizin Azərbaycana rəhbərliyinin ilk mərhələsinə verilən ən müfəssəl, ən dəqiq qiymətdir. 1982-ci ildə Heydər Əliyev Azərbaycanın adını növbəti dəfə ucaltdı və bacarığı, istedadı, idarəçilik məharəti, işgüzarlığı nəticəsində ittifaq rəhbərliyinə yüksəldi.
Bu müddətdə Heydər Əliyev, şübhəsiz ki, vətənini unuda bilməzdi. Həmin illərdə mərkəzdən Azərbaycana ayrılan vəsaitlərin həcmi dəfələrlə artırılmış, respublikada gedən quruculuq işlərinə daha geniş və münbit zəmin yaranmışdı.
Bütün fəaliyyəti boyu «Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram» – sözlərini fəxrlə səsləndirən böyük şəxsiyyət kimi yaddaşımızda, tariximizdə öz parlaq izi ilə qaldı. Heydər Əliyevin tarixi missiyası bitməmişdi, əksinə, bu missiyanın ən şərəfli və məsuliyyətli mərhələsi başlayırdı. Tarix sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyini elan etməsi üçün real əsaslar məhz o dövrdə formalaşmışdır. Tarixi reallıqdır ki, əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın istər sosial, iqtisadi, istərsə də mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşaya bilməsi çətin olardı.
Onun qayğısı və himayəsi altında mədəniyyətin bütün sahələrində milli köklərə qayıdış başlandı, Azərbaycan dilinə diqqət və qayğı gücləndi, ana dilimiz Konstitusiyada dövlət dili kimi təsbit olundu. Bunlar hamısı o illərdə Heydər Əliyevin fəaliyyətinin çox böyük məna və əhəmiyyət kəsb edən cəhətləri idi. Milli ruhun daşıyıcısı olan elm, ədəbiyyat, incəsənət xadimlərimiz repressiyalardan qorundu, Azərbaycan mədəniyyəti, Azərbaycanın səsi dünyaya çıxdı. Dünya, Azərbaycanı təkcə neftinə görə deyil, həm də qədim tarixinə, qədim mədəniyyətinə görə, Heydər Əliyevə görə tanımağa başladı.
Ulu Öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı 1993-cü ili əhatə edir. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub. Heydər Əliyevin Bakıya qayıtması ilə 1969-cu ildə olduğu kimi bu dəfə də Azərbaycanın başı üzərində sanki günəş doğdu. Həmin il iyunun 15-də ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra xalqda rahat yaşamağa böyük ümid yarandı. Azərbaycanın müstəqilliyinin möhkəmlənəcəyinə və əbədi olacağına, bu yolda qarşıya çıxacaq maneələrin aradan qaldırılacağına tam əminlik yarandı. Çoxillik siyasi təcrübəyə malik müdrik rəhbərin siyasi uzaqgörənlik fenomeni, quruculuq və inkişaf təcəssümü özünü dərhal büruzə verdi.
Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram, qürur bəxş etdi. Heydər Əliyev Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı, vətəndaş birliyini, sülhünü və həmrəyliyini yaratmaq məqsədilə on minlərlə insana amnistiya və əfv tətbiq etdi, Azərbaycan insanına güclü və qüdrətli dövlət bəxş etdi.
Xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərmiş ulu öndər 2003-cü ilin 12 dekabrında əsl vətəndaş, şəxsiyyət, lider, millət atası kimi əbədiyyətə qovuşdu. Davam edən, yaşayan isə onu irsi , xalqın rifahı naminə əməlləri oldu.
Keçən hər bir il sübut edir ki, ümummilli lider Heydər Əliyevin irsi, təməlini qoyduğu siyasi kursun ömrü daha da böyük tarixi əhatə edəcək. Heydər Əliyevə ən böyük abidə onun siyasi kursunun saxlanması və inkişaf etdirilməsidir ki, bu missiya da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilir. Heydər Əliyevin bu gün də yaşamaqda olan irsinə öz münasibətimizi qürur hissi keçirməklə yanaşı, eyni zamanda bu irsi yeni nəslə öyrənmək və yaşatmaqla ifadə edirik. Yeni gənc nəsil təməli Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq düşüncəsinin təsiri ilə formalaşır. Yeni Azərbaycan Partiyasının əsəs hədəflərindən biri də Heydər Əliyev irsinin mahiyyətinin açılması və təbliğinə yönələn istiqamətdir.
Azərbaycan ulu öndər Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən, innovativ siyasəti ölkəmizi böyük uğurlara aparır.
Göründüyü kimi, Azərbaycan müstəqilliyinin 26-cı ilində qazandığı nailiyyətlər sayəsində regional və dünya ölkələri arasında lider ölkəyə çevirib. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını davam etməklə qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edəcəkdir.
İnanırıq ki, ümummulli lider Heydər Əliyev yaratdığı Yeni Azərbaycan Partiyasının siyasi kursu Azərbaycanda daim davam edəcək və prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da böyük nailiyyətlər əldə edəcəkdir. Azərbaycanın qazandığı nailiyyətlərdə və ölkəmizin davamlı tərəqqisində əbədiləşən Heydər Əliyevin xatirəsi isə nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu da tariximizdə daim yaşayacaq, əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider örnəyi kimi xatırlanacaq!
YUSİF AĞAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının dosenti