İlham Əliyev – Dünya səviyyəli islahatçı prezident – Elman Nəsirov yazır
“Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”
Azərbaycan Respublikasının Prezidenti
Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları Xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Zəmanəmizin dühası ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxartdı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli intibaha nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də ona görə minnətdardır ki, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 16 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 16 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin 16 il öncə söylədiyi «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm» fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas meyarlardır. Sözün həqiqi mənasında son 16 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir.
Bu yolda iqtisadi müstəqillik həlledici amildir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Fikrimizi nəzəri mülahizələr, konkret faktlar və arqumentlərlə əsaslandırmağa çalışaq.
2003-cü ildən indiyədək ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artmışdır. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, hal-hazırda bu göstərici 50 milyard dolları ötmüşdür. Bu illər ərzində ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da təxminən yarısının xarici investisiyalar təşkil edir.
Cənab İlham Əliyev hələ 16 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaqdır. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq 3 Dövlət Proqramı qəbul olunmuş və onların uğurlu icrası təmin edilmişdir. Növbəti 4-cü Dövlət Proqramının icrasına başlanılmışdır. İlk növbədə infrastruktur layihələrin icrasına start verilmişdir. Bu, bir həqiqətdir k, energetika hər bir dövlətin iqtisadiyyatının bel sütunudur. Təsadüfi deyildir ki, cənab İlham Əliyev ölkəmizdə elektrik stansiyalarının mövcud olmasına “dövlətimizin uğurlu və sürətli inkişafının əsas amili kimi” yüksək qiymət vermişdir. 2003-cü ildən bəri 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ilədək Azərbaycanda 9 elektrik stansiyası var idi və ölkəmiz elektrikə olan tələbatı əsasən idxal hesabına ödəyirdi. Hazırda isə özümüzü elektrik enerjisi ilə tam təmin edir və onun ixracını həyata keçiririk. Bu məqsədlə həm ölkə ərazisində, həm də 3 qonşu ölkə ilə – Rusiya, İran və Gürcüstanla elektrik xətlərini birləşdirmişik. Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı imkanları yaranmışdır. Bu il elektrik stansiyalarının generasiya gücünün 2900 meqavata çatdırılması nəzərdə tutulur.
2004-cü ildə ölkədə qazlaşdırmanın səviyyəsi cəmisi 51% təşkil edirdisə, hal-hazırda bu göstərici 95%-ə yaxınlaşmışdır. Bütün şəhərlər 100% qazla təmin edilmişdir.
Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri çəkilmiş, Ceyranbatanda dünyanın ən nəhəng sutəmizləyici qurğusu tikilib istifadəyə verilmişdir. Bu gün bu qurğudan çıxmaqla əhaliyə verilən sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.
Ölkəmizdə 16 il ərzində geniş meliorativ tədbirlər həyata keçirilmiş, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi 4 iri su anbarı tikilmişdir. Son illər ərzində hər il təxminən 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir.
Yol çəkilişi həm iqtisadi, həm də sosial layihədir. Son 16 il ərzində bu istiqamətdə çox böyük uğurlara imza atılmışdır. Təqribən 15 min km yol çəkilmişdir. 2017-ci ildə şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin keyfiyyətli yola olan tələbatı ödənilmişdir. Möhtərəm Prezident İlham Əliyev sosial yönümlü dövlətin formalaşması və inkişafı kursunu həyata keçirir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Həmin siyasətin sayəsində ölkəmizdə işsizlik 5%, yoxsulluq isə 5,4%-ə enmişdir. Təsadüfi deyildir ki, 2020-ci ilin dövlət büdcəsində də sosial xərclər bütün xərclərin 38, 5%-ni təşkil edir.
Ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərini qeyd edə bilərik, Bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib. Bu baxımdan “ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülməsi də təsadüfi sayılmamalıdır.
Prezident cənab İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrıldı. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir. Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioriet kimi müəyyən edən Prezident cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. 19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu.
Beləliklə, ötən dövr ərzində Prezident cənab İlham Əliyevin sosial islahatlar paketi 4 milyon 200 min vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi. Bu addımlar büdcə xərclərinin əlavə olaraq 3,7 milyard manat artmasını şərtləndirdi.
Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir.
2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalamış, bir çox proqramlar qəbul edilmişdir. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu fəaliyyət iki istiqamətdə aparılır. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülmüşdür, 103 yeni qəsəbə salınmışdır. Son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilmişdir. 2018-ci ildə 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Cari ildə isə Bu il 6 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə olaraq, özəl sektorun vəsaiti hesabına Bakı şəhərinin Qaradağ rayonu ərazisində 1026 mənzilli “Qobu Park” və 1300 yerlik “Qobu Park-2” yaşayış kompleksi inşa olunaraq istifadəyə verilmişdir. Görülən fəaliyyətin nəticəsi olaraq, 16 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalmışdır.
Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam icra olunsun. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu məsələ tam həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər..
Bu xeyirxah missiya-məcburi köçkün və qaçqınlara xüsusi həssaslıq və qayğı ilə yanaşılması siyasəti Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla həyata keçirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Məlum olduğu kimi, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. İlk müşavirənin, məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi doğma yurdlarından didərgin salınmış soydaşlarımızda ata-baba ocaqlarına qayıdacaqlarına böyük inam yaratmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı iqtisadi uğurlar beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Dünya Bankının son “Doing Business” hesabatında ölkəmiz əlverişli biznes mühitinin formalaşması səviyyəsinə görə dünyada 25-ci mövqedədir. Həmin hesabatda ölkəmiz dünyanın ən islahatçı 20 ölkəsi sırasında yer almışdır. Olduqca yüksək nəticələrdir.
Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında ölkəmizlə bağlı əks olunan rəqəmlər bir daha sübut edir ki. Azərbaycan müasirləşən və sürətlə inkişaf edən ölkədir. Belə ki, hesabatda göstərilir ki, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə səviyyəsinə görə dünyamın 141 ölkəsi arasında 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə isə 30-cu mövqedədir. Hökumətin, yəni dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə isə dünyada 10-cu yeri tutur. Prezident İlham Əliyevin təbirincə desək, “Bu onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir.” Rəhbərliyin islahatlara meyllilik səviyyəsinə görə isə ölkəmiz dünyada olduqca yüksək 5-ci yerə layiq görülmüşdür. Mülkiyyət hüquqlarının qorunmasına görə 37-ci, nəqliyyat infrastrukturuna görə, 31-ci , yol infrastrukturuna görə 27-ci, dəmir yollarının səviyyəsinə görə 34-cü, biznesə başlamaq baxımından 8-ci və elektrik enerjisinə əlçatanlıq səviyyəsinə görə dünyada 2-ci mövqeni qazanması Azərbaycanın sürətli və dinamik inkişafını xarakterizə edən göstəricilərdir. Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, mənafelərini əks etdirdiyini bir daha göstərir.
Tarixinin ən böyük 2020-ci il dövlət büdcəsində gəlirləri 24, 1 milyard manat, xərcləri isə 26, 9 milyard manat təşkil edən ölkəmizdə gələn il üçün 3% iqtisadi artım nəzərdə tutulur. Qeyri-neft sektorunda isə bu artımın 3,8% olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, ölkəmizin 2019-cu ilin 9 ayının sosial-iqtisadi inkişaf yekunlarına görə, qeyri-neft sektorunda artım 3%-dən, qeyri-neft sənayesində isə 15%-dən çox təşkil etmişdir. Xarici börc ÜDM-nin 17%-ni təşkil etmişdir. Bu yüksək göstəriciyə görə, Azərbaycan dünya miqyasında 9 yerdə dayanır. Kənd Təsərrüfatında artımın 7%-ə bərabər olması bir daha təsdiqləyir ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı strateji xətti real nəticələr verməkdədir. Bu nəticələr cari ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə konkret faktlarla bir daha təsdiqlənmiş oldu. Bir daha məlum oldu ki, cənab Prezidentin müəllifi olduğu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bütün atılan addımlar bu məqsədə xidmət edir. Müşavirədə cənab İlham Əliyev vurğuladı ki. “100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.” Xarici bazarlara ixrac edilən Azərbaycan pambığından bu ilin 9 ayı ərzində ölkəmizə 111 milyon dollar gəlir daxil olmuşdur. Nəzərə alsaq ki, cari ilin yanvar-oktyabr ayları ərzində ölkəmizin qeyri neft sektoru üzrə ixracı 1,6 milyard dollar təşkil etmişdir, bu halda pambıq satışından əldə edilən mənfəətin nə qədər böyük olduğunu təxmin etmək olar. Pambıq istehsalı və ixracı təkcə ölkəmiz üçün valyuta axını demək deyildir, bu, ilk növbədə işsizlik probleminin həllinə mühüm töhfə kimi dəyərləndirilməlidir. Bu xüsusda Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər böyük məna kəsb edir: ” Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur.”
Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 16 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. Cari ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər 91% yerinə yetirilərək özünün yekun mərhələyə daxil olmuşdur.
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktın imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.
Son 16 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Belə ki, Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İranın xarici işlər nazirlərinin dördtərəfli formatda görüşü zamanı Cənub-Qərb nəqliyyat marşrutu ətrafında da məhsuldar müzakirələr aparılmışdır. Bu təşəbbüsün də müəllifi Prezident İlham Əliyev olmuşdur.
“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, – deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il 10 illiyini qeyt etdiyimiz “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-ci ildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.
Bu, bir həqiqətdir ki, əgər Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasəti olmasaydı Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha da böyük olardı. Münaqişənin hələ də həllini tapa bilməməsi reallığına baxmayaraq, Azərbaycanın son 16 il ərzində konfliktin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edilmişdir. Əvvəla, Ermənistanın bütün çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxalq subyekt, o cümlədən rəsmi İrəvanın özü də separatçı rejimin müstəqilliyin tanımamışdır. Bu, Azərbaycanın mühüm siyasi üstünlüyüdür. İkincisi, Ermənistanın separatçı rejimdə keçirdiyi son qondarma referendumun nəticələrini heç bir dünya dövləti və ya beynəlxalq təşkilat qəbul etməmişdir. Bu, əslində beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsinin bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycanın diplomatik üstünlüyü deməkdir. Nəhayət, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün ərzində Azərbaycanın şanlı ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Deməli, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü də təmin edilmişdir. Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu dünyada ön güclü 50 ordu sırasındadır. Azərbaycan paytaxtında keçirilmiş son iki hərbi parad bu həqiqəti növbəti dəfə təsdiqlədi. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşmışdır. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.
Bu iqtidar, bu da radikal müxalifət davranışı. Fərq göz qabağındadır. Bu fərqi dünya birliyi də görür və qəbul edir. Həm də möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndirdiyi “Azərbaycan tarixində heç bir zaman indiki qədər güclü və qüdrətli olmayıb”, – fikrini təsdiqləyirlər. Elə bu baxımdan təsadüfi deyildir ki, ABŞ-ın nüfuzlu “U.S.News & World Report” jurnalının açıqladığı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşmışdır. Bu möhtəşəm nəticəsi ilə Azərbaycan hətta bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoymuşdur. Məlumat üçün qeyd edək ki, reytinq siyahı ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinin “BAV Group & Wharton School” qrupunun analitikləri tərəfindən tərtib edilmişdir.
Elman Nəsirov