FotoGündəmManşetMediaSiyasətXəbər xətti

QHT Şurası qalib jurnalistləri mükafatlandırdı – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qhtxeber.az saytının 10 illik yubileyi və “SƏLİS Jurnalist” yazı müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib.

Şuranın ictimaiyyətlə əlaqələr bölməsiin rəhbəri Elməddin Behbud bildirib ki, 5 noyabr-5 dekabr 2019-cu il tarixlərini əhatə edən “SƏLİS Jurnalist” yazı müsabiqəsinə 51 məqalə təqdim olunub. Məqalələr ölkənin 42 media qurumunda yayımlanıb.

Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov rəhbərlik etdiyi saytın ötən 10 il ərzində media və QHT sektoru arasında körpü rolu oynadığını bildirib. QHT jurnalistikasının xüsusiyyətlərindən bəhs edən Sənan Nəcəfov qhtxeber saytının cəmiyyəti narahat edən ictimai problemlərin həlli ilə məşğul olan QHT-lərin ictimai tribunası kimi mühüm missiya yerinə yetirdiyini vurğulayıb.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev “SƏLİS Jurnalist” yazı müsabiqəsinin ölkə jurnalistlərinə ölkədə aparılan çoxşaxəli islahatları bir daha analtik təhlil etmək imkanı verdiyini deyib. Müsabiqənin bütün mərhələlərinin şəffaf aparıldığını və məqalələri ölkənin tanınmış media kapitanlarının qiymətləndirdiyini bildirib. Azay Quliyev qhtxeber.az saytının ötən 10 ildə təmənnasız şəkildə QHT sektorunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. Şura sədri Münsiflər Heyətinin üzvlərinin üzərinə mühüm yük düşdüyünü deyərək müsabiqənin obyektiv və şəffaf şəkildə həyata keçirilməsinə görə onlara təşəkkürünü bildirib.

Azay Quliyev qhtxeber.az saytının 10 iliik yubileyi münasibəti ilə Sənan Nəcəfovu təltif edib.

Münsiflər Heyətinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı “SƏLİS Jurnalist” yazı müsabiqəsinin əhəmiyyətindən danışaraq Şuranın vətəndaş cəmiyyətinin inkişafındakı rolunu yüksək qiymətləndirdiyini bildirib. S. Rüstəmxanlı müsabiqəyə təqdim olunan yazılar haqqında fikirlərini bildirərək jurnalistləri Azərbaycan dilinin tələblərinə qarşı həssaslığı hər zaman qorumağa çağırıb.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu müsabiqəyə təqdim olunan yazılar barədə məlumat verərək ekspertiza zamanı rast gəldikləri hallardan danışıb. R.Arifoğlu müsabiqənin tamamilə şəffaf şəkildə keçirildiyini və Münsiflər Heyətinin bununla bağlı bütün məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Münsiflər Heyətinin üzvləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, APA-nın prezidenti Vüsalə Mahirqızı və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxış edərək yazı müsabiqəsi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.
“Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları” mövzusu üzrə qaliblər Səbuhi Məmmədli (I yer), Asif Nərimanlı (II yer) və Həbibə Abdulla (III yer) olub.

“İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması” mövzusu üzrə qaliblər Sevinc Telmanqızı (I yer), Seymur Əliyev (II yer) və Rumiyə Miraslan (III yer) olub.

“QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” mövzusu üzrə qaliblər isə Fərəh Sabirqızı (I yer), Fidan Afər və Ruhiyyə Daşsalahlı (III yer) olub.

Bir cavab yazın