FotoTəhsilXəbər xətti

AzTU-da “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya”  beynəlxalq konfransı keçirilir – FOTOLAR

Dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Təhsil Nazirliyi, AzTU və Türkiyə Cümhuriyyəti Yükseköğretim Kalite Kurulunun təşkilatçılığı ilə  “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” I beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.

İştirakçılar əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın əhəmiyyətini vurğulayıb, müasir dövrdə elmlə texnikanın kəsişməsinin meydana çıxardığı yeni istiqamətlərdən danışıb.  Rektor  Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təklifi ilə çıxış edib. Bildirib ki, Assosiasiyanın yaradılması qardaş ölkələrin universitetləri arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin ötən il imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında Türkiyə universitetləri ilə mühüm işbirliyinin yarandığını bildirib. Qeyd edib ki, məhz həmin proqrama uyğun olaraq növbəti tədris ilindən Azərbaycan vətəndaşları  ikili diplom proqramları əsasında təhsil alacaqlar. Hazırda dünyanın 500 ən yaxşı universitetində Azərbaycan vətəndaşlarının doktorantura təhsillərini dövlət hesabına davam etdirdiyini diqqətə çatdıran nazirliyin şöbə müdiri bunun gələcəkdə dünya ali məktəblərinin təcrübəsinin ölkəmizdə tətbiq olunması istiqamətində mühüm addım olduğunu vurğulayıb.  Nicat Məmmədli AzTU-nun rektoru Vilayət Vəliyevin Azərbaycan-Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təşəbbüsünü müsbət qiymətləndirdiyini və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Dövlətlərarası iqtisadi aktivlik göstəricilərindən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Azərbaycan-Türkiyə universitetlərinin birliyinin iki ölkənin təhsil və elmi inkişafına böyük töhfələr verəcəyini qeyd edib.

Tədbirdə çıxış edən türkiyəli qonaqlar konfransın əhəmiyyətindən danışıblar və ölkələrimizin universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

İşini 6 bölmə iclasları ilə davam etdirən konfrans  dekabrın 20-də yekunlaşacaq.

 

Bir cavab yazın