AzMİU-nun professoru Türkiyədə konqresdə iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədov, kafedranın dosenti Ə.Əliyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri B.Aslanov Türkiyədə Uluslararası Türk Dünyası Strateji Araşdırmalar kongresində iştirak ediblər.
Aktor.Az xəbər verir ki, kongresin açılış günü Məhəbbət Məmmədov çıxış edərək dəvətə görə kongresin təşkilatçılarına təşəkkürünü bildirib, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın kongres rəhbərliyi, təşkilatçıları və iştirakçılarına salamlarını çatdırıb. Kongresin proqramına müvafiq olaraq professor “Azərbaycan iqtisadiyyatının müasir inkişaf strategiyası” mövzusunda 45 dəqiqəlik təqdimatla çıxış edib.
Təqdimatda o, Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatının tələblərinə müvafiq əsaslı islahatların aparılması, ölkə iqtisadiyyatının yenidən qurulması və inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsini təmin etmək məqsədilə dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi sahəsində görülən işlərdən danışıb. Eyni zamanda professor ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsində və dünya iqtisadi sisteminə inteqrasiyasında Azərbaycanın həyata keçirdiyi Baki-Tbilisi-Ceyhan, Baki-Tbilisi-Ərzurum, Cənub qaz dəhlizi, TANAP, TAP kimi transmilli layihələrin əhəmiyyəti və yerinə yetirilən işlər haqqında kongres iştirakçılarına ətraflı məlumat verib.
Kongresin bölmə iclasında kafedranın dosenti Ə.Əliyev ölkənin maliyyə sektorunun o cümlədən, özəl sığorta sektorunun yenidən qurulması və onu tənzimləyən qanunvericilik aktları barədə məlumat verib. O, çıxışında müstəqillik dönəmində iqtisadiyyatın digər sahələri ilə yanaşı, sığorta sahəsinin inkişaf etdiyini xüsusi vurğulayıb.
AzMİU THİK-in sədri Bayram Aslanov da konqresin iclasında çıxış edərək universitetdə mütəxəssis hazırlığı, mühəndis kadr hazırlığını təmin etmək məqsədi ilə müasir standartlara cavab verən maddi-texniki bazanın yaradılması və tədris prosesinə univerisitetin professor-müəllim heyyəti ilə yanaşı, müvafiq istehsal sahələrinin mütəxəssislərinin də cəlb edilməsi barədə iştirakçılara bilgi verib. Çıxışında B.Aslanov bu kongresin əhəmiyyətini qeyd edib, belə tədbirlərin mütəmadi aparılmasını arzu edib.
Konqresin yekun iclasında AzMİU nümayəndə heyətinin üzvlərinin məruzələri məruzələri dəyərləndirilib və onlara sertifikatlar təqdim olunub.
Məlumat üçün qeyd edək ki, müəllim və əməkdaşların səfəri AzMİU ilə Cəlal Bayar Universiteti arasında bağlanılan niyyət protokolu, Erasmus+ KA1 və Mövlanə Mübadilə Programı çərçivəsində gerçəkləşib.