ADRA-nın üç Regional İdarəsinin əməkdaşları Gəncəyə toplaşdı
Agentliyin Şəki, Bərdə və Gəncə Regional İdarələrində çalışan əməkdaşlarının bir araya gəlməsinin səbəbi bütün ölkə üzrə aparılan təlimlərin növbəti toplantısı olub. Ölkənin ikinci böyük şəhərində baş tutan tədbir Agentliyin Mərkəzi Aparatından gələn təlimçilər tərəfindən aparılıb.
Regional İdarələrdə çalışan əməkdaşlar dövlət qurumunun fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılıblar. Əməkdaşların maarifləndirilməsi və bu bilgilərin regionlarda fəaliyyət göstərən sahibkarlara ötürülməsi məqsədilə keçirilən təlimlər bir sıra mövzuları əhatə edib. Təlimlərdə həmçinin regionlarda sıx rast gəlinən məsələlər, sahibkarları maraqlandıran suallar, onların həlli yolları, açıq məkanda reklam sahəsindəki aktual mövzular müzakirə olunub.
Agentliyin bütün Regional İdarələrini əhatə edən və Lənkəran şəhərindən start götürən təlimlərə dekabrın 22-də Bakıda yekun vurulacaq.