Seçki dairəsi üstündə keçmiş və indiki “ReAl” çıların NARAZILIĞI
“ReAl” Partiyasının eks-məclis başqanı Azər Qasımlı Yasamal rayonu 17 saylı seçki dairəsindən deputatlığa namizədlik verəcəyini deyib.
Bu gün partiyanın üzvü – vəkil Cavad Cavadovun da eyni dairədən namizəd olacağını açıqlayıb.
Bununla da tərəflər arasında narazılıq yaranıb.
Demokrat.az xəbər verir ki. “ReAl” Partiyasının icra katibi Natiq Cəfərli 17 saylı seçki dairəsi ilə bağlı təşkilatın mövqeyni açıqlayıb.
““ReAl”ın 17 saylı dairədən namiqədinin “Cavad Cavadov olması haqda qərarı biz dekabrın 6-da verdik. Vasif İsmayıl, Fərhad Mehdiyev və Cavad Cavadovla keçirdiyimiz görüşdə kimin hardan gedəcəyini müzakirə edirdik və bu qərara gəldik.
Siyahımızın tədricən açıqlanması haqda da qərar verdik. Dedik ki, ilk təqdimatda Vasif İsmayıl və Elçin Haqverdiyev olacaq, sonra hər gün yeni təqdimatlar olacaq.
Toplantıda İlqar Məmmədov ayrıca vurğuladı ki, 23-cü dairədən bizdən kimsə namizəd olub Azər Qasımlıya mane olmayacaq. O görüşdə Erkin Qədirli də iştirak edirdi.
Cavad Cavadov “17-ci dairə” deyəndə İlqar Məmmədov özü ordan namizədliyini irəli sürmək fikrində olsa da (o dairədə yaşayır), geri cəkilib onu dəstəklədi.
Razılaşdığımız kimi, dekabrın 11-də ittifaqımızın ilk ictimai təqdimatı oldu. Dekabrın 12-də isə Cavad Cavadovu təqdim etdik. Yəni 1 həftə əvvəl gəldiyimiz razılığı gerçəkləşdirdik.
Xatırladım ki, “ReAl”ın qərarvermə prosesindən Azər Qasımlı özü özünü kənarda qoyub, yəni ona partiyadan heç kim çıxartmayıb, özü gedib – qalardı, qərarları birgə verərdik və bu cür rabitəsizlik olmazdı. Xüsusilə də, dediyim kimi, ona mane olmaq niyyətimiz heç olmayıb, hətta əksinə – özümüz ona keçmiş münasibətlər xatirinə yardım göstərməyi düşünürdük. 23-cü dairədə ona imzatoplamada kömək edəcək üzvlərimiz də var, onlarla da danışmışdıq və İlqar bəy dairələri açıqlayanda 23-cü dairə siyahıda yox idi.
Biz ciddi siyasi mübarizədəyik, bəzi insanlar isə həvəslə qərəzi bir-birinə qarışdırırlar – bu təəssüf doğurur. Daha bir məsələ odur ki, 17-ci dairədən 3 əla namizəd olsa – hörmət etdiyim Bəxtiyar Hacıyev də o dairədən namizəd olmaq istəyir- bütün dairəni seçkiyə kökləməyə imkan artacaq, ən azından o dairəni hakimiyyətin əlindən qoparmağa böyük şans yaranacaq. Məsələyə bu pəncərədən də baxmaq olar. Əsas odur ki, seçki ab-havasını məmləkətə gətirməyə nail olduq. Bu isə artıq kiçik və ilkin qələbədir”.
Sözügedən məsələ ilə bağlı A.Qasımlı bildirib ki, iki gün əvvəl Erkin Qədirli ilə görüşüb: “O, məndən hansı dairədən namizəd olacağımı soruşdu. Mən də 17 saylı Yasamal dairəsini bildirdim. Elə ordaca Erkin “ReAl”dakılara bu barədə mesaj da göndərdi. Həmin gün günorta dairədən sənədlərimi götürüb namizədliyimi elan etdim. Bundan sonra Bəxtiyar Hacıyevlə yazışdıq və o, mənə həmin dairəni nəzərdən keçirdiyini dedi. Lakin mən onun seçkilərə qatılmayacağını düşünürdüm. Əgər Cavad bəy və Bəxtiyar bəy məndən əvvəl namizədliklərini irəli sürsəydilər, mən həmin dairəni seçməzdim. Çünki hər ikisinə böyük hörmətim var və mənim bu seçkilərdə rəqibim hakimiyyətin namizədidir. Bu məsələdə yersiz atmacaları və oyunbazlığı isə ümumi prosesə bağışlayıram”.