Xəbər xətti

Yasamal rayonunun idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qonaqları salamlayaraq, “yeniyetmə və gənclərin sağlamlığının qorunmasında idmanın rolu” mövzusunda məruzə edib. İlham Səfərov çıxışında bildirib ki, yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində atılan addımlar ölkə rəhbərliyinin idmana olan tükənməz qayğısının bariz nümunəsidir. İlham Səfərov idarə tərəfindən keçirilmiş idman tədbirlərindən söz açaraq qeyd edib ki, bu yarışlarda kütləviliyə nail olunması idarənin qarşısında duran başlıca vəzifələrdən biridir. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın son 20 ildə qazandığı yüksək nəticələrin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Elşad Həsənov qeyd edib ki, dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən biridir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Qran-Pri yarışları və digər mötəbər dünya, Avropa çempionatlarının paytaxtımızda keçirilməsi bir daha ölkəmizin qüdrətini, idmanımızın inkişaf səviyyəsini göstərdi. Bildirilib ki, son illər rayonumuzda yaradılan “Abad məhəllə”lərin əksəriyyətində idman meydançalarının tikilərək rayon sakinlərinin istifadəsinə verilib ki, bu da öz növbəsində rayon yeniyetmə və gənclərinin idmanla mütəmadi məşğul olmasında əvəzsiz şərait yaradır.
Tədbirdə Olimpiya çempionu Zemfira Meftaxetdinova, Əməkdar idman ustası Vüqar Namazov, kikboksinq üzrə 25 qat dünya çempionu, Əməkdar məşqçi Eduard Məmmədov, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinindirektor müavini Elxan Hacıyev çıxış edərək bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından söz açıb, idmançılarımızın bundan sonra da beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əmin olduqlarını vurğulayıblar.
İdman ictimaiyyətinin nümayəndələri ilə görüşdə beynəlxalq və respublika yarışlarında yüksək nailiyyətlər əldə etmiş rayon sakini olan bir qrup idmançı, 2 saylı RİOEUGİM-in bir qrup məşqçi-müəllimi və idmançılar iştirak ediblər. Tədbir Məkəzin muzey bölməsində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.