GündəmManşetSiyasətXəbər xətti

Növbədənkənar seçki: kimlər suyu bulandırır? – ELman Nəsirov

Ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir. Təbii ki, qanunverici orqan olan Milli Məclisdə də yeniləşmə olmalıdır. Bu baxımdan, Milli Məclisin buraxılması barədə Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüsün irəli sürülməsi məntiqlidir və ölkəmizdə aparılan islahatlar kursunun mahiyyətindən, onun fəlsəfəsindən doğan bir zərurətdir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, YAP Beynəlxalq ƏlaqələrKomissiyasının katibi, professor Elman Nəsirov Milli Məclisin buraxılması ilə bağlı danışarkən deyib. O bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sistemli, ardıcıl islahatlar kursu həyata keçirilir:

“Respublikamızda elə bir sfera yoxdur ki, islahatlar onu əhatə etməsin. Sosial, iqtisadi, məhkəmə-hüquq sistemində və digər sahələrdə islahatlara start verilib. Xalq bu islahatların bəhrəsini artıq gündəlik həyatında hiss edir. Göründüyü kimi, hakimiyyətin hər iki qanadında islahatlar aparılıb. Ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir. Bu baxımdan, Milli Məclisin buraxılması təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun olması üçün vacib idi”.

Millət vəkilinin sözlərinə görə, bəzi şəxslər növbədənkənar seçkilər haqqında mənfi rəy formalaşdırmağa çalışırlar:

“Seçkini boykot etmək, növbədənkənar seçkilər haqqında mənfi fikir söyləmək zəiflik, acizlik əlamətidir. Bu fikri səsləndirənlər yaxşı bilirlər ki, onlara dəstək verən yoxdur və hansı seçkiyə qatılsalar da, seçicilərin etimadını qazana bilməyəcəklər. Ona görə də indidən su bulandırmaq, çaşqınlıq yaratmaq istəyirlər”.

E.Nəsirov bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi nadir hadisə deyil və təkcə bizim ölkəmizdə müşahidə olunmur:

“Dünya praktikasına nəzər salsaq, belə halların tez-tez baş verdiyinin şahidi olarıq. Məsələn, bir faktı diqqətinizə çatdırım: Bu il dekabrın 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Daha bir fakt deyə bilərəm. 2015-ci ildən 2019-cu ilə qədər İspaniyada 4 erkən parlament seçkiləri keçirilib. Hətta 2019-cu ildə həmin ölkədə 2 belə növbədənkənar seçki baş tutub. Həmçinin, İsraildə də növbədənkənar parlament seçkiləri oldu. Görürsünüzmü, dünya praktikasında belə hallar baş verir. Ona görə də növbədənkənar parlament seçkilərinin keçirilməsini qeyri-adi hadisə kimi qələmə vermək və ya bu hadisədən siyasi məqsədlər üçün istifadə etmək siyasətdən bixəbər adamların, araqarışdıranların işidir”.

Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edərək yeni siyasi mədəniyyət nümayiş etdirdi və müstəqillik tariximizə yeni səhifə yazdı:

“Yəqin ki, hər kəsin yadındadır. YAP yeni yarananda o zamankı antimilli hakimiyyətə qarşı müxalifətdə olub. Qısa bir zamanda ətrafına minlərlə üzv və təəssübkeş toplayan bu partiya xalqın dəstəyi ilə hakimiyyətə gəldi. Hakimiyyətə gəldiyi vaxtdan bu günə qədər ölkədə keçirilən bütün seçkilərdə rəqiblərini özündən xeyli arxada qoyub. Bu gün Azərbaycanın dünyada nüfuz sahibi olmasında YAP-ın xidmətləri danılmazdır. İndi də növbəti siyasi mədəniyyət ortaya qoyaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təşəbbüslə çıxış etdi.

Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan deputatları könüllü şəkildə öz səlahiyyətlərindən imtina edir və yeni seçkilərin keçirilməsi istəyini ortaya qoyurlar. Hesab edirəm ki, yeniləşən Azərbaycana yeni parlament nəsib olacaq”.

Bir cavab yazın