Ümidvaram ki, bu seçkilərin elan olunması… – Zahid Oruc
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Milli Məclisin buraxılması məsələsinə toxunub.Aktor.Az onun fikirlərini təqdim edir:
“Azərbaycan dövləti bu gün hakim partiyanın timsalında verilən qərarlarla sübut edir ki, bizim hazırda yaşadığımız proseslər tarixi xarakter daşıyır. Burada vətəndaşlarımızın aktivliyi ictimai prosesləri daha da canlı etmək, ona dinamizm gətirmək, eləcə də yaxın aylar içərisində formalaşan parlamenti millətin, dövlətin tələblərinə tamamilə uyğunlaşmaq imkanı verəcək. Həqiqətən bu gün Azərbaycan insanı bu yenilənməni arzulayır və cənab Prezidentin oktyabr ayındakı fəaliyyəti ilə bağlı biz ictimai rəyi ölçməyə çalışarkən onu görürdük ki, islahatların dərinləşməsi Prezidentin nüfuzunun güclənməsi ilə sinxron şəkildə bağlıdır, biri digərini tamamlayır, bir-birilə üzvi şəkildə vəhdətdədir. Belə olan təqdirdə indi islahatlar parlamenti, islahatların güclənməsində iştirak edən yeni Məclis 2020-ci il tarixinin Azərbaycan həyatının ən mühüm hadisəsi olaraq bizim siyasi həyatımıza daxil olacaq. Ümidvaram ki, bu seçkilərin elan olunması Azərbaycan xalqı içərisində də rəğbətlə, inamla qarşılanacaq və insanlarımız bu prosesə aktiv qoşulacaq.”