AzTU-da Karyera sərgisi keçirilib – FOTOLAR
Noyabrın 28-də Azərbaycan Texniki Universiteti (AzTU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə Karyera sərgisi keçirib.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev və Bakı şəhər Məşğulluq İdarəsinin rəisi Elnur Əliyev iştirak ediblər. Bildirilib ki, Azərbaycanda gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətin məşğulluq siyasətinin mühüm tərkib hissəsidir, bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər keçirilir. Karyera sərgisi universitet məzunlarının əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir.
Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə tələbə və məzunlara 62 müəssisədən ümumilikdə 236 vakansiya üzrə iş yeri və təcrübə proqramları təklif olunub. Təklif edilən iş yerlərində əməkhaqqının məbləğləri 300-2000 manat arasındadır.
Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumat veriblər.
AzTU-nun 1500-ə yaxın tələbə və məzununun iştirak etdiyi sərgidə işəgötürənlərin nümayəndələri onlardan CV qəbul ediblər.