Dövlətimizin mövqeyini azsaylı mitinq cəhdləri ilə zəiflətməyin – Partiya sədri
BAXCP sədri: “İqtidar partiyasının dəstək vermədiyi halda, onminlərin, yüzminlərin iştirakı ilə kütləvi aksiyanın keçirilməsi mümkün deyil”
Aktor.Az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bəzi müxalifət partiyalarının Dağlıq Qarabağla bağlı mitinq keçirmək təşəbbüsünə münasibət bildirib.
BAXCP sədri deyib: “Azərbaycanda real vəziyyət ondan ibarətdir ki, iqtidar partiyasının dəstək vermədiyi halda, onminlərin, yüzminlərin iştirakı ilə kütləvi aksiyanın keçirilməsi mümkün deyil. Hesab edirəm ki, biz Dağlıq Qarabağla bağlı əgər mitinq təşkil etmək istəsək, bu aksiyaya gərək ən azı 100 min adam toplaşsın. Çünki belə aksiyaları ermənilər də, regionda marağı olan dövlətlər də izləyir. Bu səbəbdən də düşünürəm ki, azsaylı insanlarla Dağlıq Qarabağla bağlı aksiyanın keçirilməsi, prosesə müsbət töhfə vermir, əksinə Azərbaycanın mövqelərini xeyli dərəcədə zəiflədir. Dağlıq Qarabağla bağlı son razılaşdırılmış aksiyaya az sayda insanın gəlməsi bunu bir daha təsdiqlədi. İndiki məqamda belə bir mitinqin keçirilməsi heç bir effekt verməyəcək. Yaxşı olardı ki, mitinq təşəbbüsü ilə çıxış edən insanlar iqtidar partiyası ilə danışıqlar aparsınlar. İqtidar partiyası razılıq verərsə, bu mitinqə xalq kütlələrinin gəlməsi və gətirilməsi mümkün olacaq. Xalqımız bu problemin həllini iqtidarın ixtiyarına buraxıb. Əlbətdə əgər ədalətsiz, yaxud Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaran hər hansı bir sənədin imzalanması gündəmə gələrsə, əminəm ki, vətəndaşlarımız buna “yox” deyər. Amma indiki şəraitdə xalq bu istiqamətdə hər hansı bir təşəbbüs göstərməkdən uzaq görünür. Mitinqin təşkilatçıları bunu gərək mütləq nəzərə alsınlar. Doğrudur, bəzən “fit müxalifəti” adlandırdığımız düşərgənin liderləri bildirirlər ki, “xalq iki dəfə bu məsələ ilə bağlı öz sözünü deyib, küçələr çıxıb”. Buna nümunə olaraq, 1988-ci ilin fevralında Bakıda keçirilən mitinqi və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Bakı səmasında uçuçu zamanı xalqın küçə və meydanlara axışmasını göstərirlər. Amma unudurlar ki, 1988-ci ilin fevralında keçirilən aksiyaya həmin dövrün rəhbərliyi dəstək vermişdi. Yəni respublika rəhbərliyinin birbaşa təşəbbüsü ilə tələbələr küçələrə axışmışdılar. Mən prosesin birbaşa iştirakçısı kimi bunu deyirəm. O ki, qaldı Türkiyə təyyarələrinin Bakı səmasında uçuşu zamanı insanların küçə və meydanlara gəlməsinə, bunu Yeni Azərbaycan Partiyasının təşkil etdiyini hamı bilir.
Qeyd edim ki, xalqımızın siyasi inkişaf səviyyəsi xalqın özünün siyasi proseslərdə aktiv rol almaq və fəal oyunçuya çevrilmək perspektivini indiki məqamda mümkünsüz edir. Qənaətimə görə, bu məqamları hər kəs nəzərə almalı və dövlətimizin mövqeyini azsaylı mitinq cəhdləri ilə zəiflətməməlidir. Bizim tələsməyimiz və darıxmağımızla heç nə həll olunmur. Azərbaycanda cəmiyyətin inkişafı prosesi gedir. Ümid edirəm ki, islahatlar bu prosesi bir az da sürətləndirəcək. Sadəcə zamanı gözləmək və xalqla işləmək lazımdır.