ManşetVideo xəbərXəbər xətti

Cümşüd Nuriyev Qarabağa gedən qadınları təhqir etdi – VİDEO

Politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir edib. “Qafqazinfo” xəbər verir ki, onun bu çıxışı sosial şəbəkələrdə ciddi müzakirə edilərək tənqid edilib. 

C. Nuriyev bildirib ki,  o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi: “Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.

“Qafqazinfo” C. Nuriyevin fikirləri ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafadan açıqlama alıb. O qeyd edib ki,  qadınların cəbhə xəttinə getməsində təşkilatçılıqla bağlı müəyyən nöqsanlar ola bilər:

“Amma  bütövlükdə bu təşəbbüsü  təhqir etmək  yolverilməzdir. Çünki Vətən üçün mübarizədə qadınların da hansısa formada  bu prosesə qoşulması  normal bir tendensiyadır.  Buna görə  onları təhqir etmək doğru deyil. Bütün hallarda  prosesdə iştirak etmiş qadınlar Cümşüd Nuriyevə cavab versələr, daha yaxşı olar. Çünki onlara birbaşa ittiham səsləndirilib. Ümumi şəkildə hamını əxlaqsız  adlandırmaq heç bir mənəvi ölçülərə sığmır.  Məncə, bu qədər həddini aşan ifadələri televiziya ekranından işlətmək, Xalq Cəbhəsi anlamı ilə bu məsələyə yanaşmaq kökündən yanlışdır. Çünki hər bir insanın öz şəxsiyyəti, qüruru var. Ora gedən qadınların əksəriyyəti ləyaqətli, şərəfli insanlardır. Bunlar neyləyiblər ki? Gedib ticarət ediblər, ya hansı qeyri-əxlaqi hərəkət ediblər?! Gediblər Qarabağda kişilərlə həmrəy olduqlarını göstəriblər. Bunu bütün qadınlara şamil etmək yolverilməzdir və həqiqətən də ciddi bir təhqirdir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da məsələ ilə bağlı “Qafqazinfo”ya danışıb:

“Bu tamamilə yanlışdır. Deyəsən, bu Cümşüd Nuriyev bilmir ki, nəylə gündəmə gəlsin.  O deyəsən, psixoloji, ruhu problemlə yaşayır. O sözü demək üçün çox səviyyəsiz adam olmaq olardı. Həmin dövrdə  qadın batalyonun yaranması ilə bağlı məlumatım da var. O demək deyil ki, kişilər vuruşmurdu. Sadəcə qadınlar da istəyirdilər ki, yararlı olsunlar. Əllərinə  silah alsınlar. Qadın batalyonun tərkibində, həmçinin ondan da kənarda yüzlərlə azərbaycanlı qadın  döyüşə gedirdilər. Ən çox da Ağdam, Füzuli istiqamətində qadınlar gedib döyüşürdülər. Onların içərisində qəhrəmanlıq göstərənlər, şəhid olanlar, Milli Qəhrəmanlar da var.

Yəni, Cümşüd  Nuriyev bunları görmürsə, ağzına gələni danışırsa, bu adamın fikrinə heç münasibət bildirməyə dəyməz.  Birmənalı  şəkildə, bu insanlar cəmiyyətdə sərt qınağa tuş gəlməlidirlər. “Ayıb olsun” şəklində münasibət bildirilməlidir”.

 

Bir cavab yazın